
Ölkəmizdə son vaxtlar göydələn tikintisi ilə məşğul olan şirkətlərin sayı xeyli artıb. Vətəndaşların mənzilə olan tələbatından istifadə edən bəzi iş adamları ya öz, ya da qohumlarının adına MMC, MTK qeydiyyatdan keçirərək fəaliyyət göstərməyə başlayırlar. Bəzi hallarda həmin tikinti şirkətləri müştəriləri üçün xoş olmayan sürprizlər hazırlayır. Belə ki, vətəndaş mənzil almaq ümidi ilə hər hansı tikinti şirkətinə müraciət edir. Müvafiq danışıqlar aparıldıqdan və qiymətdə razılaşma əldə edildikdən sonra vətəndaş əzab-əziyyətlə yığdığı pulu şirkətə ödəyir. Və səbirsizliklə binanın tikilib başa çatacağı tarixi gözləyir.
Amma sonradan məlum olur ki, şirkətin rəsmi şəxsləri fırıldaqla məşğul imiş, bir mənzili onlarla şəxsə satıblar. Aidiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşları fırıldaqla məşğul olan şirkətlərin rəhbərlərini saxlayıb barələrində cinayət işi açırlar. Mənzil almaq ümidi ilə şirkətə pul ödəyən vətəndaş isə naəlac qalır. Ümumiyyətlə, bir sıra özəl tikinti şirkətlərinin sahibləri özlərini tamamilə başqa cür aparırlar. Onlar zənn edirlər ki, vətəndaşlara qarşı ürəkləri istəyən haqsızlığı edə bilərlər. Lakin heç də belə deyil. Kimliyindən asılı olmayaraq qanunun tələblərini pozan insanlar müvafiq qaydada cəzalandırılır. Ancaq hansısa səbəblər üzündən bu günə kimi yüzlərlə insanın haqqını tapdalamış "Şərur" MTK-nın sahibi, "Şərurlu İsfəndiyar" kimi tanınan iş adamı İsfəndiyar Axundovun barəsində heç bir hüquqi araşdırma aparılmayıb. Qeyd edək ki, tikinti maqnatının barəsində saysız-hesabsız şikayətlər var. Məsələn, bu yaxınlarda şikayət ərizəsi ilə redaksiyamıza müraciət edən Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndindən olan, hazırda isə Xəzər rayonunda yaşayan Hacıyev Tural Adəm oğlu İsfəndiyar Axundov tərəfindən süründüməçiliyə məruz qaldığını bildirib. Xatırlatma üçün bildirək ki, Tural Hacıyev 2008-ci ildə "Azərtikinti ATF" MMC-nin Xətai rayonu, Telnov küçəsi, 23-47/48 ünvanında inşa etdiyi binadan iki otaqlı mənzil alıb: "Əlimdə bütün sənədlər var, yəni hər şey müvafiq qanunlara uyğun şəkildə həyata keçirilib. Mənzilə görə şirkət rəhbərinə ilkin olaraq 27900 dollar ödədim. Yerdə qalan 32 min dolları isə aramızda əldə olunan razılaşmaya əsasən kredit yolu ilə ödəyəcəkdim. Beləcə, dörd ay şirkətə 1000 dollar pul ödədim. Lakin dörd aydan sonra eşitdim ki, şirkətin rəhbəri Azər Quliyevi dələduzluğa görə həbs ediblər. Azər Quliyev "Şərurlu İsfəndiyar" kimi tanınan iş adamı İsfəndiyar Axundovla şərik idi. Azər Quliyev mənzil dələduzluğuna görə həbs olunandan sonra "Azərtikinti ATF" MMC-nin mənzilləri İsfəndiyar Axundovun nazarətinə keçdi. İsfəndiyar müəllimlə görüşdüm. Ümid edirdim ki, bir yerlim kimi o mənə nə köməklik lazımdırsa göstərəcək. O dedi ki, bina bizimdir, müqaviləni Azərlə bağlamısan əlavə olaraq 25000 manat ver və mənzilini al. "Şərur" MTK-nın rəhbərinə buna maddi imkanımın çatmadığını dedim və bildirdim ki, pulum düzəlmir. Şirkət rəhbəri mənə dedi ki, get pulun düzələndə gələrsən. Növbəti dəfə onun yanına gedəndə məndən 35000 manat istədi. Səbəb kimi isə qiymətlərin bahalaşmasını göstərdi. Hər dəfə gedəndə qiyməti qaldırırdı. Həqiqətən də, iş adamına verməyə bu qədər pulum yox idi. Dəfələrlə İsfəndiyar müəllimin yanına gedib-gəldim, amma heç bir xeyri olmadı. O mənə dedi ki, ürəyin hara istəyir get şikayət elə. Ölkə vətəndaşı olaraq ondan haqqımı tələb edirəm. Vaxtında mənzili Azər Quliyevdən almışam. İş elə gətirib ki, Azər Quliyev həbs olunub. İsfəndiyar Axundov yaranmış vəziyyətdən istifadə edib məndən artıq pul almağa çalışır. Problemin həll olunmadığını görüb Bakı Ağır Cinayətlər Məhkəməsinə şikayət etdim. Məhkəməni İsfəndiyar Axundov uddu. Təbii ki, belə də olmalı idi. Şikayət etmədiyim yer qalmayıb, amma nə mənzilimi ala bilirəm, nə də pulumu. İsfəndiyar Axundov mənzilimi vermək istəmir. Evsiz-eşiksiz küçələrdə qalmışam". Aradan xeyli müddət keçsə də, "Şərur" MTK-nın sahibi Tural Hacıyevin üzləşdiyi problemi həll etmək istəmir. Dünən redaksiyamızla əlaqə saxlayan Nehrəm sakini bildirdi ki, şirkət rəhbəri heç kimdən və heç nədən çəkinməyərək qanunsuz əməllərini davam etdirir: "Cənab prezidentin bir neçə gün əvvəl məmurlarla etdiyi xəbərdarlıqdan iş adamları da nəticə çıxarmalıdır. Vətəndaşları incitmək olmaz. Mən İsfəndiyar Axundova demirəm ki, öz cibindən, yaxud bank hesabından gətirib mənə pul versin. Mən ondan halal pulumu tələb edirəm. Azər Quliyevin həbs olunmasının nə mənə, nə də digərlərinə aidiyyəti var. O həbs edilib, mənzillər isə "Şərur" MTK-nın sərəncamına verilib. Bu məsələdə İsfəndiyar müəllimin başqa maraqları var. Şirkət rəhbəri məni get-gələ salmaqla mənzilin ümumi məbləğindən əlavə pul qoparmağa çalışır. Bu cür haqsızlığa tab gətirə bilmirəm. Əlim hər yerdən üzülüb. Son ümid yerim cənab prezidentdir. Mən və ailəm ona inanır, daim onun siyasətini dəstəkləyirik. Cənab prezidentdən xahiş edirəm ki, başıma gələn bu müsibətin yoluna qoyulmasında mənə köməklik göstərsin". Növbəti saylarımızda iş adamının Stavropoldakı tikinti layihələri, həmçinin Bakıdakı obyektləri və haqqını tapdaladığı insanlarla bağlı böyük yazı dərc edəcəyik. Bizi izləməyi unutmayın.









