Son statistik məlumata görə, Azərbaycanda bu il 3 mindən çox boşanma halları olub... Təbii ki, boşanma iki tərəf-ər və arvad arasında bağlanmış nigahın pozulmasıdır. Boşanmaya ərizənin kimin tərəfindən verilməsindən asılı olmayaraq, çox təəssüflər olsun ki, bu halda hüququ pozulan qadınlar olur. Niyə?
Cəlilabadda boşanmış qadının harayı...
Son zamanlar boşanmaların sayı artıqca, qadınların hüquqlarının tapdanmasının daha çox şahidi oluruq. Xüsusən araşdırmlarımız zamanı məlum oldu ki, qadınlarımızın hüquqlarının tapdandığı rayonlardan biri də ölkəmizin cənub bölgəsidir. Elə həyat yoldaşından boşanan və günün bu gününə kimi iki uşaqla əsir-yesir qalan Zenfira Əlihüseynova da problemiylə bağlı redaksiyamıza üz tutub. Başına gələnlərə isə belə danışmağa başladı Zenfira xanım:
-Əlihüseynova Zenfira Məmmədqulu qızı. 1977-ci il iyunun 17- də Cəlilabad rayon Svetlaya-Zarya, indiki Muğan kəndində anadan olmuşam. Ailədə beş bacı və bir qardaşıq. Orta təhsilliyəm. 1994 - cü ildə Cəlilabad rayonunun Muğan kəndində anadan olmuş, Cəlilabad şəhəri Babək küçəsi 14 saylı evdə qeydiyyatda olan Zeynalov Vətən Mirzəxan oğlu ilə ailə qurduq.
“İki övladımız dünyaya gəldi...”
Bu vaxt ərzində pis yaşamırdıq və heç bir problemimiz yox idi. 1995 - ci il avqust ayının 9 - da ilk övladımız Aynur adlı qızım dünyaya gəldi. 1997 - ci il may ayının 9 - da Ədalət adlı ikinci oğlan övladımız dünyaya gəldi. Bu bir neçə ili həyat yoldaşımın atasıgildə yaşayırdıq. Çünki hələ öz evimiz yox idi. 1998 - ci ildə həyat yoldaşımın yaxınlarının yaşadığı Rusiya Federasiyasının Tumen şəhərinin Putyaq qəsəbəsində getdik. 2001 - ci ilə kimi orada yaşadıq. Amma elə orada həyat yoldaşımla aramızda olan mübahisələrdən sonra, iki övladımla öz ata evimə qayıtdım.
“2005 - ci ildə boşandıq...”
2005-ci ilə kimi belə yaşadıq. Sonra 2005 - ci ildə Cəlilabad rayon Məhkəməsinə müraciət edərək rəsmi şəkildə boşandıq. Məhkəmə qərar çıxardığı zaman mənə iki uşağa görə aliment verilməsini, birgə nigah vaxtı birlikdə olan əmlakımızdan və bir də Vətən Zeynalovun ata evindən pay verilməsi ilə bağlı qərar qəbul etdi.
“Bakı Apellyasiya Məhkməsi bunları ləğv etdi...”
Bundan sonra Vətən Zeynalov Cəlilabad rayon Məhkəməsinin qərarından narazı qalaraq Bakı Apellyasiya Məhkəməsinə şikayət verdi. Bakı Apellyasiya Məhkəməsi aliment ödənməsini qüvvədə saxlayaraq məni qalan imtiyazlardan məhrum etdi.
Sonra Vətən Zeynalov yenidən Rusiyaya qaçaraq aliment ödəməkdən boyun qaçırdı. Bu günə kimi mən iki uşağa görə cəmi 340 manat aliment almışam. İndi keçmiş həyat yoldaşımın mənə 3500 manat aliment borcu və bir də birgə nigah vaxtı aldığımız maşından 1400 ABŞ dollar borcu qalıb. Amma təəssüflər olsun ki, Vətən Zeynalov bu borcları ödəməkdən boyun qaçırır.
“Axtarışda olan şəxsi necə azadlığa buraxıblar...?”
Vətən Zeynalov bu ilin mart ayında Rusiya Federasiyasından ölkəmizə keçərkən həbs edildi və 20 gün həbsdə qaldıqdan sonra müəmmalı şəkildə azadlığa buraxıldı. Halbuki Cəlilabad rayon Polis Şöbəsi Vətən Zeynalov haqqında 25.05.2010 - cu il tarixdə 16030 saylı axtarış qərarı vermişdir.
“İcraçılar prosesdən yayınır?...”
Mən bu problemlə bağlı dəfələrlə Cəlilabad rayon məhkəməsində olmuşam. Hələ indinin özünə kimi də yollardayam, amma heç bir tədbir görmürlər. Mən bunların əməllərindən artıq cənab prezidentə müraciət edəcəm. İcraçılar da məni get-gələ salırlar. Vətən Zeynalov azadlığa buraxıldıqdan sonra qardaşı Zeynal Zeynalovun bildirdiyinə görə, Bakı şəhərində onlara məlum olmayan ünvanda yaşayır.
Bölmə rəisindən açıqlama...
Məsələ ilə bağlı Cəlilabad rayon Məhkəmə İcraçıları bölməsinin rəisi, 1 - ci dərəcəli ədliyyə qulluqçusu Şöhlət Şahverdiyevlə əlaqə saxladıq. Ş.Şahverdiyev bizə bunları bildirdi:
-Vətən Zeynalov 2005 - ci ildən Rusiya Federasiyasında gizlənərək, aliment ödəməkdən boyun qaçırırdı. Amma bu ilin mart ayında Rusiya Federasiyasından ölkəmizə daxil olarkən, haqqında axtarış elan olunduğuna görə saxlanılaraq, Cəlilabad rayon Məkhəməsinə təhvil verildi. Məhkəmə Vətən Zeynalova 20 gün həbs verdi. İyirmi günlük həbs müddəti başa çatdıqdan sonra, Vətən Zeynalova tapşırıq verildi ki, 10 gün ərzində alimenti ödəsin. Vətən Zeynalov alimenti ödəmək əvəzinə, yenidən istindaqdan yayındı. Hal-hazırda Cəlilabad rayon Polis Şöbəsi tərəfindən yenidən axtarışa verilib. Biz onunla bağlı sənədləri Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərmişik. Yəni, Vətən Zeynalovla Zenfira Əlihüseynovanın işinə biz yox, Ədliyyə Nazirliyinin İstintaq bölməsi baxacaq. Bu yaxınlarda hər iki tərəf İstintaq bölməsinə dəvət olunacaq.
Vasif Əlihüseyn,
Bakı-Cəlilabad-Bakı \\ tezadlar.az \\











