Nizami Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Adəm Mahmudovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Axundovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona 1 100 manat məbləğində cərimə cəzasına məhkum edilib.
İttihama görə, hadisə bu il saat 18 radələrində paytaxtın Nizami rayonu ərazisində yerləşən klinikalarının birinin qarşısında qeydə alınıb.
Belə ki, həmin vaxt Adəm Mahmudov qızının keçmiş əri, zərərçəkmiş İlqar İslamovla (adı, soyadı şərtidir) qarşılaşıb. Zərərçəkmiş eks-qayınatasına anasının himayəsində olan övladını görmək istədiyini bildirib. Bununla əlaqədar olaraq tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı İlqar təqsirləndirilən şəxsi nalayiq ifadələrlə təhqir edib. Bundan əsəbiləşən Adəm Mahmudov qisas almaq məqsədilə qəsdən təpiklə onun sinə nahiyəsinə zərbə endirib.
Zərbənin təsirindən İlqar İslamov yerə yıxılıb. Nəticədə onun döş qəfəsində hematoma, sağ said, sağ bilək, sağ əl və sağ diz nahiyələrində sıyrıqlar əmələ gəlib.
Bu səbəbdən Adəm Mahmudovun əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilib.
Məhkəmə istintaqı zamanı ifadə verən Adəm Mahmudov ona elan olunmuş ittihamla tam razılaşmayıb, özünü qismən təqsirli bilib. O deyib ki, zərərçəkmiş şəxs dəfələrlə onun işlədiyi klinikaya gələrək onu nalayiq ifadələrlə təhqir edib.
Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə günü İlqar klinikaya gələrək onun və qızının ünvanına nalayiq ifadələr işlədib. O, həmin vaxt baş verənləri mobil telefonla videoya çəkməyə başlayıb. Bunu görən İlqar klinikanın qarşısından uzaqlaşıb. Telefonu yığışdırdıqdan sonra İlqar geri qayıdıb və yenidən onun ünvanına nalayiq ifadələr işlədib. Daha sonra İlqar Adəm Mahmudovun üzərinə gələrək yumruqla vurmağa cəhd edib. O isə özünü müdafiə etmək və onu özündən uzaqlaşdırmaq məqsədilə təpiklə İlqarın sinə nahiyəsinə zərbə vurub. Nəticədə İlqar yerə yıxılıb.
Təqsirləndirilən şəxs bildirib ki, zərərçəkmiş şəxsi vurmaqda məqsədi ona xəsarət yetirmək deyil, onu özündən uzaqlaşdırmaq olub.
Adəm Mahmudov hadisədən sonra İlqarın ona “elə mənə də bu lazım idi” məzmununda ifadə işlətdiyini söyləyib.
Təqsirləndirilən şəxs əməlindən qismən peşman olduğunu deyib və məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edib.
Qeyd: Adəm Mahmudov hadisənin qarşısında baş verdiyi klinikada mühafizəçi vəzifəsində çalışır.






