Avropanın bəzi böyük şəhərlərinin mərkəzində bir kvadratmetr mənzilin qiyməti 2 600 avro civarında olduğu halda, bəzi şəhərlərdə bu rəqəm 20 min avronu ötür.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Deutsche Bank Research”in 69 şəhəri, o cümlədən Avropanın 28 şəhərini müqayisə etdiyi hesabatında qeyd olunub.
Araşdırmaya əsasən, Avropada mənzil almağın ən baha olduğu şəhər Sürixdir. İsveçrənin maliyyə mərkəzində şəhər mərkəzində mənzilin 1 kvadratmetrinin orta qiyməti 22 910 avro təşkil edir. Beləliklə, 80 kvadratmetrlik mənzilin orta qiyməti təxminən 1,83 milyon avroya çatır.
İkinci yerdə İsveçrənin digər böyük şəhəri Cenevrə qərarlaşıb. Burada 1 kvadratmetr mənzilin orta qiyməti 19 439 avro, 80 kvadratmetrlik mənzilin qiyməti isə təxminən 1,55 milyon avrodur.
London 17 241 avro ilə üçüncü yerdədir. Britaniya paytaxtının mərkəzində 80 kvadratmetrlik mənzil almaq üçün orta hesabla 1,38 milyon avro tələb olunur.
Dördüncü yerdə Paris qərarlaşıb. Fransa paytaxtında 1 kvadratmetr mənzilin orta qiyməti 12 771 avrodur. Bu isə 80 kvadratmetrlik mənzilin təxminən 1,02 milyon avroya başa gəlməsi deməkdir.
Avropanın mənzil almaq üçün ən bahalı beş şəhərini Vyana tamamlayır. Avstriya paytaxtında 1 kvadratmetr üçün orta qiymət 12 483 avro təşkil edir.
Sonrakı sıralarda Münhen (11 435 avro), Lüksemburq (11 011 avro), Kopenhagen (10 191 avro), Stokholm (10 037 avro) və Oslo (9 785 avro) yer alıb.
Araşdırmada Avropanın aparıcı iqtisadiyyatlarında mənzil qiymətlərinin fərqli olduğu da ortaya çıxıb. Məsələn, Almaniyada ən bahalı şəhər paytaxt Berlin deyil, Münhendir. Münhendə 1 kvadratmetr mənzilin orta qiyməti 11 435 avro, Berlində isə 7 613 avrodur.
Praqa da Berlin və Madridi qabaqlayır. Çexiya paytaxtında 1 kvadratmetr mənzil orta hesabla 8 352 avroya, Madriddə 7 831 avroya başa gəlir.
Digər şəhərlərdə qiymətlər belədir:
Milan – 9 000 avrodan çox
Amsterdam – 9 000 avrodan çox
Helsinki – 8 431 avro
Roma – 7 328 avro
Dublin – 7 185 avro
Frankfurt – 7 162 avro
Lissabon – 6 636 avro
Barselona – 6 485 avro
Avropanın 28 şəhəri arasında mənzil almağın ən ucuz olduğu şəhər isə İstanbuldur. İstanbulun mərkəzində 1 kvadratmetr mənzilin orta qiyməti 2 646 avro təşkil edir.
İstanbuldan sonra Afina gəlir. Yunanıstan paytaxtında 1 kvadratmetr mənzilin orta qiyməti 3 442 avrodur.
Nisbətən ucuz şəhərlər arasında Brüssel (4 380 avro), Birminhem (4 671 avro), Budapeşt (5 243 avro), Varşava (5 443 avro) və Edinburq (5 708 avro) da yer alıb.
“Deutsche Bank Research”in araşdırmasına daxil edilən 69 şəhər arasında mənzil almağın ən baha olduğu şəhər Honq Konqdur. Burada 1 kvadratmetr mənzilin orta qiyməti 23 790 avro təşkil edir.
Sürix 22 910 avro ilə qlobal reytinqdə ikinci, Seul isə 21 897 avro ilə üçüncü yerdədir.
Reytinqin digər ucunda isə Qahirə (784 avro) və Yohannesburq (913 avro) yer alıb.






