Son günlər Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçkiləri ilə bağlı məsələlər gündəmi yenidən zəbt edib. Rasim Balayevin vəfatından sonra bir sıra şəxslər Kinematoqrafiyaçılar İttifaqına sədr seçkilərinə dair iddialar irəli sürüblər. Bundan öncə qeyri-qanuni formada Əli İsa Cabbarovun ittifaqın sədri seçilsə də, Ədliyyə Nazirliyi onu təsdiqləməyib və rədd edib.
Məsələ ilə bağlı Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Film Fondunun direktoru Cəmil Quliyev Manset.az-a açıqlama verib. O, birmənalı şəkildə ittifaqa sədrlikdə professor Şəfiqə Məmmədovanı dəstəkləyib:
“Son zamanlar Azərbaycan Kinematoqrafçılar İttifaqında baş verən olaylar və xüsusən də sədrin seçilməsi ilə bağlı şayiələr səngimir. Tez-tez mənim adım İttifaqa sədir seçilmək məsələm gündəmə gətirilir. Mən bugün bundan istifadə edib bəyan eləmək istəyirəm ki, mən Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilmək istəmirəm. Mən uzun illərdir kino tarixinin araşdırılması ilə, kino tarixinin qorunması ilə, arxiv materiallarının toplanması ilə məşğulam. Və mən bundan qürur duyuram və bu, mənim sevimli işimdir. Mən sevimli işimdən ayrılmaq istəmirəm”.
Cəmil Quliyev qeyd edib ki, onunla bağlı sədrlik iddialarının irəli sürülməsi nüfuzlu kinematoqraflarla aralarında problemlərin yaradılmasına qulluq edir:
“Müəyyən qüvvələr mənim mütəmadi olaraq adımı bu sahədə hallandırır və mənimlə nüfuzlu kinematoqrafların arasında qısqanclıq motivləri yaratmaq istəyirlər. Buna görə də vaxtilə hətta Rasim Balayev də məndən incidi və bir müddət məndən küsülü qaldı. O da hesab edirdi ki, mən İttifaqa sədr olmaq istəyirəm. Amma bu, belə deyildi. Mən bugün hesab edirəm ki, Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə xanım Məmmədova seçilməlidir. Şəfiqə xanım Məmmədovanın ictimai-siyasi fəaliyyəti, onun vaxtilə millət vəkili olması, onun Azərbaycan kinosuna, teatrına verdiyi töhfələr, qazandığı nailiyyətlər buna bir daha sübutdur. Şəfiqə xanımın Kinematoqraflar İttifaqının son illərdə formalaşmasında, inkişafında çox böyük zəhməti var. Eyni zamanda kinematoqrafların qayğılarına qalması, onlara dəstək olması, onlara kömək etməsi göz qabağındadır. Şəfiqə xanımın Kinematoqraflar İttifaqının sədri olmasına mən dəstəkləyirəm və onun sədr olmağa haqqı var. Mən bir daha ittifaqda olan müəyyən məni sevməyən qüvvələrdən xahiş edirəm, mənim adımı hallandırmayın. Mən sədr olmaq istəmirəm. Xahiş edirəm, öz işinizlə məşğul olasınız”, - deyə Əməkdar incəsənət xadimi fikirlərini tamamlayıb.












