Bakıda yerləşən "Villa Inn” otelində qısqanclıq zəminində sevgilisini döyməkdə təqsirləndirilən şəxslə bağlı məhkəmə qərar qəbul edib.
Qaynarinfo-nun məlumatına görə, 1999-cu ildə İmişli rayonunun Ağamalılar kəndində anadan olmuş, ali təhsilli Y.U. barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsi (qəsdən sağlamlığa yüngül zərər vurma) ilə cinayət işinə məhkəmədə baxılıb.
Məhkəmə materiallarına əsasən, təqsirləndirilən şəxs otelin otağında qısqanclıq zəminində sevgilisi Məryəm Məmmədova (ad və soyad şərtidir) ilə mübahisə edib. Mübahisə zamanı o, zərərçəkmiş şəxsin çiyin nahiyəsinə yumruqla zərbə vurub. Nəticədə zərərçəkmişin sağ bazu nahiyəsində hematoma, fluktuasiya və ağrı sindromu ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarət qeydə alınıb.
Məhkəmədə Y.U. özünü təqsirli bildiyini, zərərçəkmiş şəxslə barışdığını və cinayət işi üzrə icraata xitam verilməsini xahiş edib.
Zərərçəkmiş şəxs də məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, dəymiş zərərin ödənildiyini, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirib və bu barədə müvafiq ərizə təqdim edib.
Məhkəmənin qərarı ilə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsi bağışlaması nəzərə alınaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsi tətbiq edilib. Bununla da Y.U. Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunub, iş üzrə icraata isə xitam verilib.










