İllərlə davam edən və müxtəlif üsullarla həyata keçirilən iri miqyaslı dələduzluq sxemi ifşa olunub.
Qaynarinfo-nun əldə etdiyi istintaq materiallarına əsasən, iki nəfər müxtəlif şəxslərin etibarını qazanaraq daşınmaz əmlaka çıxarış alınması, bahalı avtomobillərin sərfəli qiymətə gətirilməsi, dövlət orqanlarında işə düzəltmə, hərbi xidmətdən yayındırma, eləcə də cinayət işi üzrə güzəştlərin əldə olunacağı vədləri ilə zərərçəkənlərdən yüz minlərlə manat alıb, lakin öhdəliklərini yerinə yetirməyiblər.
İstintaqla müəyyən edilib ki, iş üzrə təqsirləndirilən şəxslərdən biri Akif Teyyubov (ad və soyad şərtidir) 2019–2022-ci illərdə müxtəlif bəhanələrlə zərərçəkənlərdən külli miqdarda pul vəsaiti əldə edib. O, bir nəfərə Bakı şəhərində yerləşən kommersiya obyektinə çıxarış alacağını vəd edərək 146 min manat, digər şəxsə isə Novxanı qəsəbəsində torpaq sahəsinə çıxarış alacağını bildirərək ümumilikdə 298 min manat alıb.
Bundan başqa, Akif Teyyubov girovda olan mənzili heç bir hüquqi problemi yoxmuş kimi təqdim edərək başqa bir zərərçəkəndən 85 min manat alıb. Digər epizodda isə bir nəfərin oğlunu hüquq-mühafizə orqanlarından birində işə düzəldəcəyini vəd edərək 22 min 600 manatı mənimsəyib.
Cinayət işində diqqət çəkən məqamlardan biri qəsdən adam öldürmə ittihamı ilə həbs edilmiş şəxsin vəziyyətinin yüngülləşdiriləcəyi barədə verilən yalan vədlərlə bağlı olub. İstintaq materiallarına görə, Akif Teyyubov zərərçəkənə qaynatasının ev dustaqlığına buraxılacağı, daha sonra isə məsuliyyətinin yüngülləşdiriləcəyi barədə vəd verərək müxtəlif vaxtlarda ümumilikdə 155 min manat alıb. Bundan əlavə, həmin şəxsi guya nevroloji xəstə kimi qeydiyyata saldıracağını bildirərək daha 5 min manat əldə edib.
Məhkəmə araşdırması zamanı məlum olub ki, Akif Teyyubov daha sonra tanışı ilə birlikdə avtomobil alqı-satqısı adı altında da iri məbləğli dələduzluqlar törədib. Belə ki, "Avto Gallery" avtomobil salonunda 185 min ABŞ dolları dəyərində "Range Rover" markalı avtomobilin satılacağını vəd edərək avtomobili götürüb, əvəzində dəyəri xeyli aşağı olan başqa avtomobil verib. Nəticədə zərərçəkənə 263 min 500 manat ziyan dəyib.
Digər epizodda isə zərərçəkənə "BMW X2" və "Bentley" markalı avtomobillərin gətiriləcəyi vəd olunub. Bunun müqabilində 170 min ABŞ dolları alınıb. Sonradan yalnız "BMW X2" təqdim edilib, "Bentley" isə gətirilməyib. Beləliklə, 75 min ABŞ dolları, yəni həmin dövrün məzənnəsi ilə 127 min 500 manat mənimsənilib.
İttiham aktında hərbi xidmətdən yayındırma vədi ilə bağlı ayrıca epizod da yer alıb. Təqsirləndirilən şəxs yaxın qohumunun hərbi xidmətə yararsız hesab etdiriləcəyini bildirərək zərərçəkəndən 3 min 500 ABŞ dolları, yəni təxminən 5 min 950 manat alıb.
Digər təqsirləndirilən şəxs Elşən Bağırov (şərti) əsasən avtomobil alqı-satqısı ilə bağlı epizodlarda iştirak edib. Bundan başqa, o, qeyri-yaşayış obyektinə çıxarış alacağını vəd edərək başqa bir zərərçəkəndən 42 min manat almaqda təqsirli bilinib.
Məhkəmədə Akif Teyyubov özünü təqsirli bilməyib. O, zərərçəkənlərin əksəriyyətindən pul almadığını, bəzi hallarda isə söhbətin borc münasibətlərindən getdiyini iddia edib. Avtomobillərlə bağlı epizodlarda da dələduzluq etmədiyini, avtomobillərin və pul vəsaitinin müxtəlif borc münasibətləri çərçivəsində hərəkət etdiyini bildirib.
Lakin məhkəmə təqdim olunan sübutları araşdıraraq ittihamın tam təsdiqini tapdığı qənaətinə gəlib.
Hökmə əsasən, Akif Teyyubov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib. Əvvəlki hökm üzrə təyin olunmuş cəza ilə qismən toplanılmaqla ona qəti olaraq 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Elşən Bağırov isə həmin maddə ilə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Bununla belə, məhkəmə cəzanın icrasını 3 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edib və o, azadlıqda saxlanılıb.











