Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Daimi Şurasının hazırkı sədri Viktor Vasilyev bildirib ki, Qərb ölkələrinin Ermənistana qarşı qeyri-dost hərbi-siyasi addımları Cənubi Qafqazda vəziyyətin daha da gərginləşməsinə səbəb ola bilər.
Tribuna.az bildirir ki, KTMT rəsmisi İrəvanı xəbərdar edib.
Onun sözlərinə görə, Ermənistanda keçirilən seçkilər də daxil olmaqla, Cənubi Qafqazdakı vəziyyət xüsusi diqqətə layiqdir.
“ABŞ-nin guya Zəngəzur dəhlizinin təhlükəsizliyini təmin etmək planları, Avropa İttifaqı ölkələrinin Ermənistanı öz hərbi strukturlarına daxil etmək niyyətləri və bölgədə atılan digər qeyri-dost addımlar nəticədə vəziyyətin daha da gərginləşməsinə səbəb olacaq. Biz vəziyyəti izləyirik”, – deyə o bildirib.
Göründüyü kimi, KTMT və ya blokun dominant ölkəsi Rusiya Cənubi Qafqazda vəziyyətin gərginləşəcəyi barədə xəbərdarlıq edir. Bundan əvvəl də KTMT-dən Ermənistana çağırışlar edilib.
ABŞ ilə Ermənistan arasında son hərbi təlimlər də Moskvanın reaksiyasına səbəb olmuşdu. Kreml Qərbin regionda təsirlərinin artmasından açıq şəkildə narahatdır.
Vasilyevin son bəyanatı isə həm də Zəngəzur dəhlizi ilə əlaqədardır. Rusiya “Tramp yolu”nun açılmayacağına və ya buna əngəl olacağına işarə vurur. Lakin gərginlik dedikdə, konkret olaraq hansı proseslərdən söhbət getdiyi izah olunmur.
Hər halda, Rusiya İranla birlikdə TRİPP layihəsinə mane olmağı planlaşdırır. Bunun üçün təxribat xarakterli addımların atılması istisna deyil.










