Yaponiyanın maliyyə naziri Satsuki Katayama ABŞ-nin maliyyə naziri Skott Bessent ilə videokonfrans formatında danışıqlar aparıb.
Teleqraf xəbər verir ki, Katayamanın sözlərinə görə, görüşdə Yaxın Şərqdəki vəziyyət və qlobal maliyyə bazarlarındakı son proseslər müzakirə olunub.
Danışıqlar Yaponiya yeninin ABŞ dollarına nisbətdə növbəti dəfə kəskin dəyər itirdiyi vaxta təsadüf edib. Hazırda məzənnə 1 dollar üçün 161,56-161,57 yen səviyyəsindədir.
Yerli analitiklər hesab edirlər ki, tərəflər Yaponiya hökumətinin milli valyutanın məzənnəsini dəstəkləmək məqsədilə növbəti valyuta intervensiyası keçirməsi ehtimalını da müzakirə ediblər.
Xatırladaq ki, Yaponiya hökuməti və ölkənin Mərkəzi Bankı bu ilin aprel-may aylarında ümumilikdə 11,735 trilyon yen (təxminən 73,8 milyard ABŞ dolları) həcmində valyuta intervensiyası həyata keçirmişdi. Bu addım nəticəsində yen qısa müddət ərzində 1 dollar üçün 155 yen səviyyəsinə qədər möhkəmlənsə də, sonradan yenidən ucuzlaşmağa başlayıb.
Satsuki Katayama daha əvvəl hökumətin valyuta bazarında spekulyativ əməliyyatlara qarşı zərurət yaranacağı təqdirdə qəti və sərt tədbirlər görməyə hazır olduğunu bəyan etmişdi.
Müşahidəçilərin fikrincə, yenin zəifləməsi ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları, eləcə də neft qiymətlərinin artması fonunda investorların dollara tələbatının yüksəlməsi ilə əlaqədardır.










