Qusar rayonunda həmkəndlisinin qulağını dişləyən şəxsə hökm oxunub.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Yasab kəndində baş verib.
Kənd sakini, 1997-ci il təvəllüdlü Azik Mamedov (soyadı şərtidir - red.) həmkəndlisi Mövlanla mübahisə edib. Belə ki, Mövlan ona zəng vuraraq görüşmək istədiyini bildirib. Həmkəndlilər kənd ərazisində görüşüblər və aralarında mübahisə yaranıb.
Mövlan Azikə deyib ki, guya onun ailə üzvləri barədə yalan məlumat yayıb. Azik məsələdən xəbərsiz olduğunu desə də, Mövlan ona inanmayıb və üzərində gəzdirdiyi bıçaqla Azikin sinəsinə zərbə endirib.
Azik qışqıraraq ailə üzvlərini köməyə çağırıb. Azikin qohumları hadisə yerinə gələrək bıçağı Mövlanın əlindən almağa çalışsalar da, buna nail ola bilməyiblər. Mövlan bıçağı möhkəm saxlayaraq onu heç kimə verməyib.
Həmin vaxt çarəsiz qalan Azik Mövlanın qulağını dişləyərək ona xəsarət yetirib. Bundan sonra Mövlan bıçağı yerə atıb.
Hadisə yerinə polis əməkdaşları gəliblər, Azik saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.
Məhkəmənin hökmü ilə A.Mamedov 3 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə tərəflər arasında barışıq əldə olunduğunu nəzərə alaraq ona Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edib və cəzasını şərti hesab edib.








