Bir şəxsin uzun illər eyni məktəbə rəhbərlik etməsi faydalı, yoxsa ziyanlıdır? Qeyd edək ki, bununla bağlı fərqli mülahizələr irəli sürülür. Direktorun uzun illər eyni məktəbə rəhbərlik etməsinin tədrisin keyfiyyətli təşkilinə müsbət təsir etdiyini, məktəbdə doğmalıq mühiti yaratdığı fikri ilə yanaşı, əks mülahizə də var; bir şəxs uzun illər eyni məktəbdə rəhbər vəzifədə qalırsa, özünü hegemon, toxunulmaz hiss edir və səlahiyyət dairəsini aşır. Buna görə də məktəb direktorlarının yerdəyişmə edilməsi vacibdir.
Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli “Sherg.az”a açıqlamasında qeyd etdi ki, məktəb direktorlarının rotasiya məsələsi hələ də açıq qalıb:
- Elm və Təhsil Nazirliyi tərəfindən məktəb direktorlarının potasiya prosesi başladılmalıydı. Amma hələ də başlanmayıb. Rotasiya – yerdəyişmə niyə vacibdir, deyim. Direktor uzun illər eyni məktəbə rəhbərlik etdikdə, tədrisin keyfiyyətini düşünmür artıq, o, özünün hökmranlığını düşünür. Uzun illər eyni məktəbdə rəhbər vəzifədə çalışmaq hegemonluğu artırır. Şəxs düşünür ki, o, toxunulmazdır, hüdudsuz səlahiyyət sahibidir. Əlbəttə, bu, məktəb direktorlarının heç də hamısına aid deyil. Amma belə səhv düşüncədə olub hügümonluq edən məktəb direktorları var. Belə direktorlar müəllimlərlə də sərt rəftar edir, bəzi müllimlərlə isə həddindən artıq səmimiyyət yaranır. Ayrı-seçkilik başlayır. Müəllimlər üzərində basqı qurulur. Bu da məktəbdə ümumi ab-havaya, hətta tədrisin keyfiyyətinə də mənfi təsir edir. Məktəb bataqlığa çevrilir.
Ə.Həsənli bildirdi ki, məktəb direktorlarının yerdəyişməsi hegemonluğa son qoymaq üçün ən doğru vasitədir:
- Direktor 2, maksimum 3 il bir məktəbə rəhbərlik etməlidir. Direktor bir məktəbdən digərinə keçirilməli, başqa məktəbin direktoru həmin məktəbə gəlməli, beləcə, yerdəyişmələr baş verməlidir. Bəzən belə fikirlər səslənir ki, tez-tez yerdəyişmələr məktəbdəki doğmalıq mühitinə ziyan vura bilər. Belə deyil. Direktorla müəllimlər və ya valideynlər niyə “doğma”, “səmimi” olmalıdır ki?!. Səmimiyyət olan yerdə təhsilə yad başqa keyfiyyətlərin ortaya çıxması üçün münbit şərait yaradır. Kimlərəsə güzəştə gedilir, kimlərsə özünü toxunulmaz, əvəzolunmaz sayır. Təhsilin keyfiyyəti ciddilik, vəzifəni layiqli şəkildə yerinə yetirmək, tədris prosesinin düzgün qurulmasını tələb edir. Peşəkar direktor, vəzifəsinin nədən ibarət olduğunu bilən direktor hansı məktəbə təyin olunsa, hansı məktəbə göndərilsə, orada da nümunəvi təhsil mühiti yaratmağı bacaracaq. Bacarmırsa, deməli, bu vəzifəyə layiq deyil. Ümid edirəm ki, yeni tədris ilindən Elm və Təhsil Nazirliyi məktəb direktorlarının rotasiyası prosesinə nəhayət, başlayar.








