Musavat.com-un “Üç sual, üç cavab” layihəsinin bugünkü suallarını Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu cavablandırıb. Hüquq müdafiəçisi ilə Xalq yazıçısı, Azərbaycan Dillər Universitetinin hazırkı rektoru Kamal Abdullanın bir neçə gündür cəmiyyətdə müzakirə olunan qadınlar haqda söylədiyi fikirlər barəsində söhbətləşmişik. Müsahibəni təqdim edirik:
- Novella xanım, Kamal Abdullanın “Biz istiqamətimizi qadını evdə saxlayıb mətbəxdə və ev şəraitində uşaqlarına baxmağa yönəltsək, sanıram ki, bu, Azərbaycan cəmiyyətinə daha çox xeyir gətirə bilər" sözlərini bir qadın və insan hüquqlarının müdafiəçisi kimi necə qarşıladınız?
- Əlbəttə ki, normal qarşılamıram. Azərbaycanın həmişə istedadlı, lider qadınları olub. Bu gün bilikli qadın həkimlərimiz, müəllimlərimiz, ictimai-siyasi fəallarımız var. Bunu necə görməmək olar? Üstəlik, Kamal Abdulla özü rektordur, yazıçıdır. Bu gün onun rəhbərliyi altında universitetdə işləyənlərin 80 faizi qadındır. Belə sözü necə demək olar? Onu ayrı formada deyə bilərdi ki, işləmək istəməyən qadın evdə otursun və övladına tərbiyə versin. Ancaq bu gün Azərbaycan ailələrində elə bir maddi imkan var ki, qadın işləməsin və evdə otursun? Əksər ailələrdə ər-arvad işləyir, bir yerdə ailəni saxlayır, birgə xərcləri qarşılayır, övladlarını böyüdür. Təəssüf ki, alim adı almış Kamal Abdulla bu məsələni qaldırır. Bəyəm 16-cı əsrdir? Hətta o dövrlərdə, ən çətin zəmanələrdə belə qadınlarımız öz hüquqlarını müdafiə edib, yaradıcılıqla məşğul olub, lider olmağa çalışıblar. Ümumiyyətlə, cəmiyyətimiz bilikli, nüfuzlu qadınlarla zəngin olub. İndi Kamal Abdullada bu fikir haradan çıxdı?
- Bəlkə fikrini düzgün ifadə etməyib? Ümumiyyətcə, nə demək istəyib – yəni kişilər qadınları işləməyə qoymamalı, “Məşədi İbad” kimi qapı-pəncərəni mismarlayıb evdə saxlamalıdır?
- Demək istəyir ki, qadın evdə oturub uşaqlarına baxsa yaxşıdır. Əgər qadının buna imkanı varsa, əlbəttə, işləyib-işləməmək öz seçimidir. Ümumiyyətlə, işləmək onların hüququdur. Amma bunu məhdudlaşdırmaq olmaz. Özü də bunu bir alim deyir. Yəni Kamal Abdulla deyir ki, qadınlar evdə oturmasını istəyir. Onda rektoru olduğu universitetdə üç nəfər qalar ki?!
- Ümumiyyətlə, Novella xanım, bu gün kişilərin qadınların işləməsinə münasibət dəyişibmi? Çünki buna qarşı çıxanlar da az olmayıb...
- Qadın kişidən niyə geridə qalmalıdır? Bu gün fizikada, riyaziyyatda, tibb sahəsində, siyasətdə qadınlarımız kişilərdən irəli getməkdədir. Qadın öz savadını, potensialını niyə cəmiyyətə təqdim etməməlidir? Niyə qadın lider olmasın? Biz illərdir ki, bunun uğrunda mübarizə aparırıq, qanunlar qəbul olunub, qadınları irəliyə çəkməyə çalışırıq, Kamal Abdulla durub birdən-birə belə söz deyir.








