Ukraynanın Rusiyanın neft infrastrukturuna uzaqmənzilli zərbələr seriyasının uğurlu nəticələrindən biri də odur ki, ruslar neft emalı güclərini azaltmağa və quyuları dayandırmağa məcbur olurlar.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Yalnız bu aylar ərzində Rusiyanın neft emalının 10 faizi sıradan çıxarılıb. Həmçinin qeyd etmək vacibdir ki, Rusiya neft şirkətləri quyuların fəaliyyətini dayandırmağa məcbur olur. Bu isə daha ciddi məsələdir. Rusiya neft hasilatının xüsusiyyəti elədir ki, məhz bu, onlar üçün ən ağrılı məqamdır. Təbii ki, pul itkisindən əlavə”, - o qeyd edib.
Zelenskinin sözlərinə görə, quyularda hasilatı yenidən bərpa etmək üçün Rusiyanın digər bir çox neft ölkələrindən daha çox iş görməsi lazımdır. Halbuki həmin ölkələr bazardakı dəyişikliklərə görə quyuları rahatlıqla bağlaya bilirlər:
“Ruslar bunu edə bilmirlər. Onlar üçün hasilat itkisi həqiqətən çox ağrılıdır. Ümumilikdə Rusiya dövlət gəlirlərinə baxsaq, bizim bütün səviyyələrdə göstərdiyimiz kompleks təzyiq nəticəsində ilin ilk beş ayında onların büdcə kəsiri artıq bir il üçün planlaşdırdıqlarından xeyli çoxdur”.









