Xəzər dənizi son illər ardıcıl şəkildə geri çəkilir və artıq bu dəyişiklik yalnız alimlərin hesabatlarında deyil, real mənzərədə də hiss olunur.
Yeni yaranan adalar, genişlənən dayazlıqlar və dəyişən sahil xətləri göstərir ki, dünyanın ən böyük qapalı su hövzəsi ciddi ekoloji transformasiya dövrünə daxil olub.
Rusiya alimlərinin “Yeni delta 2026” ekspedisiyası çərçivəsində apardıqları son araşdırmalar da Xəzərdə su səviyyəsinin azalmasının davam etdiyini təsdiqləyib.
Bu proses uzunmüddətli xarakter alarsa, gələcəkdə Xəzərin coğrafi görünüşü və hətta xəritələrdəki sərhədləri belə dəyişə bilər.
Xəzər dənizində su səviyyəsinin geri çəkilməsi davam edərsə, gələcəkdə dənizin coğrafi xəritəsinin dəyişməsi mümkündürmü?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik H.Əliyev adına Coğrafiya İnstitutunun ekocoğrafiya şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ənvər Əliyev bildirib ki, Xəzərin gələcək xəritəsini və səviyyə dəyişikliklərini dəqiq müəyyən etmək üçün ciddi və uzunmüddətli tədqiqatlar aparılmalıdır:
“Təəssüf ki, Azərbaycanda bu istiqamətdə yetərli araşdırmalar yoxdur və buna görə də əlimizdə dəqiq rəqəmlər mövcud deyil. Hazırda daha çox müşahidələrə və ayrı-ayrı mütəxəssislərin fikirlərinə əsaslanılır.
Halbuki Xəzərin səviyyəsində baş verən dəyişikliklər həm ekologiyaya, həm iqtisadiyyata, həm də sahilyanı yaşayış məntəqələrinə birbaşa təsir edir. Əgər bu proseslər davamlı şəkildə öyrənilsəydi, gələcəkdə hansı ərazilərin su altında qala biləcəyi və ya hansı sahələrdə geriçəkilmənin davam edəcəyi daha dəqiq bilinərdi.
Xüsusilə limanlar, sahilboyu yaşayış məntəqələri, balıqçılıq və kənd təsərrüfatı üçün bu məlumatlar olduqca vacibdir. Çünki Xəzərin səviyyəsindəki hər bir dəyişiklik regionun təbiətinə və iqtisadi fəaliyyətinə təsirsiz ötüşmür”.
Onun sözlərinə görə, Xəzərin səviyyəsinin geri çəkilməsi hələlik bizim regionlarda elə də ciddi hiss olunmur:
“Amma müşahidələrə əsaslansaq, əvvəllər suyun üzərində görünən ağac kötükləri artıq yavaş-yavaş yoxa çıxır. Təxminən 30-40 santimetrə qədər su artımı hiss olunur. Araşdırma aparanlar olsa belə, amma bu iş yüksək səviyyədə deyil.
Coğrafiya institutunda bu işlə məşğul olan cəmi bir neçə nəfər var və onların da imkanları geniş deyil. Digər ölkələrdə bu sahədə kifayət qədər araşdırmalar aparılır, amma Azərbaycanda etibarlı və davamlı tədqiqat yoxdur. Ümumilikdə araşdırma sektorunda inkişaf olsa da, bu mövzu ilə bağlı elmi araşdırmalar sahəsində vəziyyət o qədər də ürəkaçan deyil.
Məsələ ondadır ki, yerin əyriliyinə görə Xəzərin ən tez dəyişiklik hiss olunmalı hissəsi cənub tərəfidir. Çünki şimal hissə daha dayazdır, orta hissə isə nisbətən normal görünür.
Xəzərin su topladığı təxminən 4 milyon kvadrat kilometrlik ərazidə son 3-4 ildə yağıntılar və su ehtiyatları daha çox artıb. Azərbaycanda da əvvəlki illərlə müqayisədə yağıntılar xeyli çoxalıb.
Hətta bir neçə il əvvəl ən quraq bölgələrdən sayılan Naxçıvanda belə yağıntılar 30-40 faiz artmışdı. Bu yağıntıların əsas səbəblərindən biri Atlantik okeanından gələn rütubətli hava axınlarıdır. Həmin hava kütlələri böyük miqdarda nəmlik gətirir.
Buna görə də Avrasiya materikinin cənub-qərb hissəsində - İspaniyadan başlayaraq Türkiyə, İran, İsrail və İraqın bəzi ərazilərinə qədər yağıntılar artıb. Bəziləri bunu süni proses kimi təqdim edir, amma əslində bu, təbiətin dövri qanunudur.
Hazırda yeni rütubətli dövrün başladığı hiss olunur. İranın bəzi bölgələrində, hətta uzun müddət quruma təhlükəsi yaşayan Urmiya gölündə belə su ehtiyatları artmağa başlayıb. Yəqin ki, gələcəkdə bu artım daha da davam edəcək”.
Ekspert qeyd edib ki, Rusiyada bu istiqamətdə daha geniş araşdırmalar aparılır:
“Artıq yeni qanunauyğunluqların Xəzərin səviyyəsinə təsiri hiss olunmağa başlamalıdır. Quraqlıq dövrü başa çatdıqca, yeni rütubətli mərhələnin təsiri ilə Xəzərin səviyyəsi də tədricən qalxa bilər.
Çünki Xəzərdə səviyyə dəyişiklikləri birdən-birə baş vermir. Bu proses illərlə davam edir. Hazırda əsas dəyişikliklərin hiss olunması da məhz son illərdə yağıntıların çox olması ilə bağlıdır.
Xəzərin gələcək xəritəsini və səviyyə dəyişikliklərini dəqiq müəyyən etmək üçün ciddi tədqiqatlar aparılmalıdır. Təəssüf ki, Azərbaycanda bu istiqamətdə yaxşı tədqiqatlar aparılmır, ona görə də əlimizdə konkret rəqəmlər yoxdur”.
Qeyd edək ki, Xəzər dənizinin mövcud coğrafi xəritəsinə əsasən, Xəzərin sahəsi 380 min km²-dir. Sahil xəttinin ümumi uzunluğu (perimetri) 6380 km-dir. Ən uzun sahəsinin uzunluğu 1205 km, eni 554 km, ən dərin yeri 1025 m-dir.
Xəzərin səviyyəsi okean səthindən 28 m aşağıdadır. Xəzər dənizi ətrafında yerləşən dövlətlər:
Azərbaycan, Rusiya, Türkmənistan, Qazaxıstan, İrandır. Xəzər dənizinin sahil xəttinin uzunluğu Azərbaycan Respublikasında 955,08 km, Rusiya Federasiyasında 695 km, Qazaxıstan Respublikasında 2320 km, Türkmənistanda 1200 km, İran İslam Respublikasında 900 km-ə yaxındır.








