"SÜRƏT sözü - “sürmək” sözündən yaranıb. SÜRƏT KARQO- Naxçıvanda verilən bağlamanı “sürərək”- "çerez" İran Bakıya çatdırmaq deməkdir. Nədi, əksini iddia edəcəksiz?" "DİA-AZ" xəbər verir ki, bunu özünün etiraz dolu müraciətində tanınmış jurnalist Çingiz Özgür qeyd edib.
O daha sonra başına gələnləri belə nəql edir: "Əgər “sürətli çatdırılma” deməkdirsə, o zaman içində “şor kərə, Göyərti” olduğu bilinən bir bağlama niyə 2 sutka yarıma, təqribən 60 saata çatdırılsın ki???
Çox əsəbiyəm, amma başdan danışım. Bu il yağıntı bol olub. Gözəl Ordubadın dağı-daşı sözün həqiqi mənasında gül açıb! İndi dağların gözəl pencərlərinin (dağ otları, göyərtilər) əsil vaxtıdı. Çiriş, cacıx, çaşır, turşəng, nanə, dağ reyhanı… Adamdı da, ürəyi istiyir. Nolar ki? Kənddən zəng gələndə eləcə soruşursan ki, dağlar necədi? Arif adam o dəqiqə anlıyır. Durur çıxır dağdan-daşdan min əziyyətlə yığır, tapmadığını başqasından pulnan alır, bağlama eliyir, içinə də yazın təzə pendirindən, şor kərəsinnən qoyub, 70-80 km yol gəlib Naxçıvan şəhərinnən yola salır ki, məhsul tez gəlsin xarab olmasın. Naxçıvanlı qardaş soruşur bağlamada nə var? Deyirsən, kəmali-ədəblə qeydiyyat da edir. “şor kərə, Göyərti”. Bəli, şor kərə kiçik, göyərti isə böyük hərflə yazılır. Ə bə, dilin qoydolorı var axı bəəə…
Bircə kəlmə demir ki: “Ay bağlama sahibi, biz bunu quru yolnan, 3-4 günə çatdıracağıq.” Bağlama göndərən nə bilsin axı, “sürət” sözü “sürmək” sözünnən düzəlib.
Əlqərəz. Gəlir şor kərə qoxmuş, turşəlik saralmış, cacıx bozarmış, çiriş əprimiş şəkildə çıxır. 4 manat da ödəniş edib evə bir bağlama zibil gətirirsən. Sonra da aparıb atırsan zibil qabına. Sənə nə qalır? Əziyyət, əzab, xərc, zülüm, zillət, əsəb, əsəb, əsəbbbbb…
Səni yanmayasan, yazıxsan, “SÜRƏT KARQO”, yandım axıııı..."








