Naxçıvan Ağır Cinayətlər Məhkəməsində qardaşı oğlunu qətlə yetirməkdə təqsirləndirilən Cabir İbrahimovun cinayət işinin məhkəmə ifadəsi məlum olub.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Arzuyar Kərimovun sədrliyi ilə keçirilən prosesdə o, Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib.
Cabir İbrahimov məhkəmə araşdırmaları zamanı ifadə verərək hadisənin təfərrüatlarını danışıb. O, qardaşı oğlu, mərhum İbrahim İbrahimovla əvvəllər münasibətlərinin normal olduğunu, aralarında ciddi problem yaşanmadığını söyləyib. Təqsirləndirilən şəxsin sözlərinə görə, bir müddət əvvəl öz adına kredit götürərək həmin pulu qardaşı oğluna verib, kredit ödənişlərində müəyyən gecikmələr olsa da, buna görə onunla mübahisə etməyib.
İfadədə qeyd olunub ki, sonradan kənd ərazisində yerləşən 2 sot torpaq sahəsinin istifadəsi ilə bağlı tərəflər arasında narazılıq yaranıb. Cabir həmin torpaq sahəsini istifadə etmək üçün aldığını və orada iribuynuzlu heyvan saxladığını bildirib. İbrahim isə torpaq sahibinə zəng edərək həmin sahənin ona verilməsini istəyib. Bu məsələdən sonra münasibətlərdə gərginlik yaranmağa başlayıb.
Təqsirləndirilən şəxs bildirib ki, hadisədən əvvəl gecə saatlarında İbrahim İbrahimov ona zəng edib. Telefon danışığı zamanı tərəflər arasında qarşılıqlı nalayiq ifadələr işlədilib və mübahisə böyüyüb. O, ifadəsində qeyd edib ki, İbrahim onu görüşməyə çağırıb və qısa müddət sonra avtomobillə yaşadığı evin qarşısına gəlib. Mübahisə zamanı mərhumun onu zorla avtomobilə mindirmək istədiyini, hədə-qorxu gəldiyini iddia edən Cabir həmin vaxt özünü qorumaq məqsədilə qarajdan balta götürdüyünü deyib. Lakin ailə üzvlərinin müdaxiləsi nəticəsində tərəflər sakitləşdirilib və hər kəs evinə qayıdıb.
Hadisədən sonra münasibətlər daha da gərginləşib. Təqsirləndirilən şəxs bildirib ki, İbrahim onu yolda görəndə avtomobili ilə sürətlə yaxınlığından keçib, həyətlərində saxladıqları heyvanların onun təsərrüfatına ziyan vurduğunu düşünərək bundan narahat olub. Cabir mərhumun tez-tez onu təhqir etdiyini, müxtəlif vaxtlarda hədə-qorxu gəldiyini və bu səbəbdən ondan çəkinməyə başladığını deyib.
İfadədə qeyd olunub ki, sonrakı günlərdə kənddə suvarma növbəsi üstündə də tərəflər arasında mübahisə yaşanıb. Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin vaxt İbrahim onu avtomobillə vuracağı və aparıb “başına oyun açacağı” ilə hədələyib. Bu səbəbdən qorxu hiss etdiyini bildirən şəxs daha sonra qarajdan mismarçıxaran aləti götürərək avtomobilində saxladığını etiraf edib. O, bunu özünü müdafiə məqsədilə etdiyini bildirib.
Hadisə günü Cabir ot almaq məqsədilə avtomobili ilə yola çıxdığını deyib. Onun sözlərinə görə, kənddən çıxarkən İbrahim onu görüb və avtomobillə arxasınca düşüb. Təqsirləndirilən şəxs söyləyib ki, mərhum bir neçə dəfə avtomobillə onun qarşısını kəsərək təhlükəli manevrlər edib. Bu vəziyyətin onda ciddi stress və aqressiya yaratdığını deyən şəxs hadisənin davamını belə təsvir edib:
“İbrahim avtomobildən düşüb sürətlə üstümə gəlirdi. Əlində nə isə görmədim, amma əvvəllər dediyi sözlər, mübahisələr yadıma düşdü. Həmin an özümü itirdim. Maşında saxladığım mismarçıxaranı götürərək baş nahiyəsindən ona zərbə endirdim”.
Cabir bildirib ki, ilk zərbədən sonra İbrahim İbrahimov yerə yıxılıb, lakin o, bir neçə dəfə daha zərbə vurmağa davam edib. O, hadisə anında özündə olmadığını, sonradan videogörüntülərə baxarkən zərbələrin sayının düşündüyündən çox olduğunu gördüyünü qeyd edib.
Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirib və mərhumun həyat yoldaşından üzr istəyib.
İttihama görə, hadisə 2025-ci ilin iyul ayında Naxçıvan MR-nın Şərur rayonunun Aşağı Daşarx kəndində baş verib.
İbrahim İbrahimovla əmisi Cabir İbrahimov arasında əvvəllər də bir neçə dəfə şəxsi münasibətlər zəminində mübahisə olub. Onlar arasında sonuncu mübahisə yolda avtomobillə hərəkətdə olarkən ötmə manevrləri zamanı yaşanıb. Belə ki, onlar avtomobili saxlayan zaman Cabir İbrahimov mismarçıxaran çəkici götürərək qardaşı oğlu İbrahim İbrahimovun üzərinə gedib, daha sonra bu alətlə ona bir neçə dəfə başından zərbə endirib.
Məhkəmənin hökmü ilə o, 12 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
Qeyd: Cabir İbrahimov Aşağı Daşarx tam orta məktəbində fiziki tərbiyə müəllimi işləmiş.








