Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Tahar Yusifovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Firuzə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 8 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.
İttihama görə, hadisə bu il Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində baş verib.
Belə ki, təqsirləndirilən şəxs sərxoş vəziyyətdə yaşadığı evə gəlib. Həmin vaxt onunla eyni evdə yaşayan həyat yoldaşı, zərərçəkmiş Tahirə Yusifova (adı, soyadı şərtidir) növbəti dəfə gecə saatlarında və sərxoş vəziyyətdə evə gəlməsinə etiraz edib. Bu səbəbdən ər-arvad arasında ailədaxili münaqişə zəminində mübahisə yaranıb. Bu zaman Tahar əsəbiləşərək arvadına hücum edib. O, qadının ağız, sifət və göz nahiyələrinə əl və yumruq zərbələri endirib, həmçinin ayaq və bədəninin müxtəlif nahiyələrinə təpiklə vurub. Hadisə nəticəsində Tahirənin sol alt və üst göz qapaqlarında şişkinlik və qançırlar, sol gözün ağlı qişasına qansızma, sağ bud və sağ baldır nahiyələrində geniş sahəli qançırlar əmələ gəlib. Ekspertiza rəyi ilə həmin xəsarətlərin sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri olduğu müəyyən edilib.
Məhkəmə iclasında Tahar Yusifov özünü təqsirli bilməyib. O, ifadəsində hadisə günü ad günü münasibətilə spirtli içki qəbul etdiyini və evə gəldikdən sonra yatmaq istədiyini söyləyib. Təqsirləndirilən şəxsin sözlərinə görə, həyat yoldaşı əlində küt alətlə ona zərbə vurmağa çalışıb və o da özünü müdafiə edib. Tahar barmağının təsadüfən Tahirənin gözünə dəydiyini, arvadını döymədiyini və ona heç bir xəsarət qeyd edib.
Təqsirləndirilən şəxs məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş edib.
Zərərçəkmiş Tahirə Yusifova isə məhkəmədə verdiyi ifadəsində bildirib ki, əri ilə əvvəllər münasibətləri normal olsa da, son dövrlər Taharın spirtli içki qəbul etməsi səbəbindən ailədə tez-tez mübahisələr yaranıb.
Qadın ifadəsində qeyd edib ki, hadisə baş verən gecə həyat yoldaşı yenidən sərxoş halda evə gəlib və bu səbəbdən ona irad bildirib. Bundan sonra aralarında yaranan mübahisə zamanı təqsirləndirilən şəxs onu döyərək müxtəlif bədən xəsarətləri yetirib.
Tahirə söyləyib ki, hadisədən sonra həyat yoldaşı gedərək yatıb, o isə hüquq-mühafizə orqanlarına müraciət edib.
Məhkəmədə çıxışı zamanı qadın indiyədək dəfələrlə fiziki zorakılığa və təhqirlərə məruz qaldığını, lakin əvvəlki hallarda şikayət etmədiyini də deyib. O, əri ilə barışmaq niyyətində olmadığını vurğulayaraq məhkəmədən onun barəsində qanuna uyğun cəza təyin edilməsini xahiş edib.








