Bakı Lift İdarəsinin sabiq direktoru Qüdrət Şükürovun qızı, 400 min manatlıq toyu ilə uzun müddət medianın müzakirə mövzusu olan Aysel Şükürova elə həmin evləndiyi və bir müddət sonra boşandığı Oqtay Əhmədovu məhkəmə vasitəsilə cəzalandırılmasına nail olub.
Keçmiş həyat yoldaşının xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında 1986-cı il təvəllüdlü Oqtay Əhmədov haqqında ittiham hökmü çıxarılıb. Hökmə əsasən, o, Cinayət Məcəlləsinin 147.1 (böhtan) və 148-ci (təhqir) maddələrilə təqsirli bilinib və ona 1500 manat cərimə cəzası təyin olunub. 1993-cü il təvəllüdlü Aysel Şükürova isə məhkəməyə müraciətində keçmiş ərinin həmin maddələrdə nəzərdə tutulan sanksiya həddində azadlıqdan məhrum edilməsini istəyib.
Aysel Şükürovanın sözlərinə görə, 2016-cı ildə evləndiyi və birgə nikahdan iki övladı dünyaya gələn Oqtay Əhmədov sosial şəbəkələrdəki çıxışlarında onu təhqir edir, ünvanına böhtan xarakterli fikirlər səsləndirir. Onu narkotik istifadəsində ittiham edir, “pozğun qadın” adlandırır və s.
“Mən bir ana olaraq, üzərimə atılan böhtan və təhqirlərə dözə bilmirəm. Nəzərə alınmalıdır ki, 3 oğul övladım var. Onlar gәlәcәkdә bu yalan videolara baxıb, psixoloji vəziyyətləri pislәşәcәk, onun yalanlarının qurbanına çevrilәcәklәr”, - deyə Aysel Şükürova şikayətində yazıb.
Oqtay Əhmədov isə ona qarşı iddiaya etiraz edərək, özünü Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilməyib. O bildirib ki, əksinə, Aysel Şükürova və anası sosial şәbәkәdә canlı yayım açıb onun vә valideynlәrinin haqqında tәhqiredici ifadәlәr işlәdiblər. O da özünü hәmin tәhqirlәrә cavab vermәk mәcburiyyәtindә hiss edib. Bu səbəbdən Aysel Şükürova haqqında paylaşımlar edәrәk onun dediklәrinә vә yazdıqlarına münasibәt bildirib.
Oqtay Əhmədov keçmiş həyat yoldaşının “Location” gecə klubunda partlayış zamanı yaralanmasını da xatırladıb. O bildirib ki, Aysel Şükürova azyaşlı uşaqlarını evdə qoyub, gecə klubuna getmişdi. Nəticədə 2022-ci il aprelin 2-dә klubda baş vermiş partlayış zamanı xəsarət alanlardan biri də o olmuşdu. O, əlavə edib ki, Aysel Şükürova narkoloji mərkəzdə də müalicə olunub.
Oqtay Əhmədov özünü təqsirli bilməsə də, məhkəmə Aysel Şükürovanın təhqir və böhtanla bağlı şikayətini əsaslı sayıb.
Aysel Şükürova keçmiş həyat yoldaşına qarşı mənəvi ziyana görə mülki iddia da qaldıraraq, onun 8000 manat təzminat ödəməsini də tələb edib. Lakin məhkəmə Oqtay Əhmədovu Cinay Məcəlləsinin 147.1 və 148-ci maddələrilə təqsirli bilib, 1500 manat cərimələməkdən əlavə, onun üzərinə mənəvi ziyana görə də 500 manat ödəmək öhdəliyi qoyub.
Qeyd edək ki, Aysel Şükürova bundan əvvəl də keçmiş həyat yoldaşının cinayət məsuliyyətinə cəlb olunması üçün xüsusi ittiham qaydasında məhkəmədə iddia qaldırmışdı. Lakin onun iddiası icraata götürülməmişdi. Qərar isə belə əsaslandırılmışdı ki, Oqtay Əhmədovun Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməsini təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim etməyib.
Oqtay Əhmədovla evliliyi Aysel Şükürovanın ikinci nikahı idi.
Qüdrət Şükürov qızının 400 minlik toyu ilə gündəmə gələndən bir müddət sonra – 2018-ci ildə vəzifəsindən azad edildi.
Bizimyol.info










