Prezident Vladimir Putin Rusiyanın hava hücumundan müdafiə və raketdən müdafiə sistemlərinə cavabdeh olan Aerokosmik Qüvvələrində kadr dəyişikliyi edib.
Yeniavaz.com RBK-yə istinadən xəbər verir ki, 2023-cü ildən bu qüvvələrə rəhbərlik edən general Viktor Afzalov vəzifəsindən uzaqlaşdırılıb, onun yerinə general-polkovnik Aleksandr Çayko təyin olunub.
54 yaşlı Çayko Moskva Suvorov Hərbi Məktəbinin məzunudur. O, 2010-cu illərin sonlarında Suriyada Rusiya qüvvələrinə komandanlıq edib və 2021-ci ildən Şərq Hərbi Dairəsinə rəhbərlik edib. Çayko “Rusiya Qəhrəmanı” adına layiq görülüb. Bununla yanaşı, Avropa Birliyinin məlumatına görə, o, Kiyev yaxınlığında baş vermiş Buça hadisələri ilə bağlı ittiham olunan hərbi qruplaşmaya rəhbərlik edib. 2026-cı il martın 16-da – hadisələrin dördüncü ildönümündə Avropa Birliyi Çayko da daxil olmaqla doqquz Rusiya hərbçisinə qarşı fərdi sanksiyalar tətbiq edib.
Bildirilir ki, kadr dəyişikliyi Rusiyaya son aylarda artan dron hücumları fonunda baş verib. Hava müdafiə sistemlərinin bir sıra hücumların qarşısını ala bilməməsi Kremlin narazılığına səbəb olub.
Mart ayının sonunda Baltik dənizi bölgəsində yerləşən əsas neft limanlarına dron hücumları həyata keçirilib və nəticədə ixrac müvəqqəti dayandırılıb. Aprel ayı ərzində isə Rusiyanın müxtəlif bölgələrində yerləşən neft obyektlərinə 20-dən çox hücum qeydə alınıb. Ən azı doqquz neft emalı zavodu zərər görüb, bunlardan beşi fəaliyyətini dayandırıb. Bu vəziyyət ölkənin neft emalı səviyyəsini 2009-cu ildən bəri ən aşağı həddə endirib.
Tuapsedə yerləşən liman və neft emalı zavodu dörd dəfə zərbəyə məruz qalıb. Hücumlar nəticəsində on minlərlə ton neft və neft məhsulu yanıb, ətraf mühitə ciddi ziyan dəyib. Şəhər üzərində “neft yağışları” müşahidə olunub və dənizə mazut sızıb. Aprelin 30-da oxşar hadisə Perm şəhərində baş verib: “Transneft”in saxlama çənləri və ölkənin yeddinci ən böyük neft emalı müəssisəsi zərər görüb.
Dron təhlükəsi Kremlin ənənəvi tədbirlərinə də təsir edib. Moskvada keçiriləcək Qələbə Günü paradı bu il qısaldılacaq. 2009-cu ildən bəri ilk dəfə olaraq parad hərbi texnika olmadan keçiriləcək və müddəti də ənənəvi 1,5 saat əvəzinə bir saatdan az olacaq. Həmçinin Dövlət Dumasının deputatlarının tribunaya buraxılmayacağı bildirilir.
Ekspertlər hesab edir ki, Aerokosmik Qüvvələrdə rəhbər dəyişikliyi Rusiyanın hava müdafiə strategiyasında ciddi problemlərin olduğunu göstərir və Kreml bu sahədə daha sərt addımlar atmağa hazırlaşır.









