SOCAR "Abşeronneft" Qaz Çıxartma İdarəsində bir müddət əvvəl baş verdiyi iddia olunan mənimsəmə faktı ilə bağlı hüquqi araşdırma aparılır. "DİA-AZ" xəbər verir ki, bunu sözügedən faktı ictimailəşdirən SOCAR "Abşeronneft" Qaz Çıxartma İdarəsinin işçisi Azər Mikayılov özünün sosial şəbəkə hesabında paylaşdığı müraciətində qeyd edib.
Həmin müraciəti təqdim edirik:
"Bu gün mənim üçün prinsipial və ədalət baxımından çox önəmli bir məsələ ilə bağlı rəsmi cavab məktubu aldım.
Bir müddət əvvəl SOCAR-a müraciət edərək Abşeron Neft Qaz Çıxarma İdarəsində quyuların əsaslı yeraltı təmiri sexinin rəisi Niyaz Əskərov tərəfindən işçilər üçün nəzərdə tutulmuş məişət texnikalarının mənimsənilməsi ilə bağlı ciddi iddialar qaldırmışdım.
Mənim müraciətim əsasında aparılan araşdırmalar nəticəsində: – Faktların araşdırılması üçün komissiya yaradıldığı,
– Müəyyən qanun pozuntularının və çatışmazlıqların aşkar edildiyi,
– Dövlət əmlakının mənimsənilməsi və israfı ilə bağlı akt tərtib edildiyi,
– Məsələnin hüquqi qiymət alması üçün hüquq-mühafizə orqanlarına müraciət edildiyi rəsmi şəkildə bildirildi.
Bu, artıq sadə cavab deyil — bu, konkret nəticəyə yönəlmiş ciddi reaksiyadır.
Mən bir vətəndaş olaraq qeyd etmək istəyirəm ki, dövlət qurumunun belə operativ və prinsipial mövqe sərgiləməsi təqdirəlayiqdir.
Xüsusilə də dövlət əmlakının qorunması və korrupsiya hallarına qarşı mübarizə istiqamətində atılan bu addım cəmiyyət üçün nümunədir.
Eyni zamanda açıq şəkildə bildirirəm: Bu məsələ tam hüquqi qiymətini alana və günahkar şəxslər layiqli şəkildə cəzalandırılana qədər prosesi diqqətdə saxlayacağam.
Ədalətin bərpa olunması yolunda göstərilən diqqət və görülən tədbirlərə görə şirkət rəhbərliyinə öz dərin təşəkkürümü bildirirəm.
Ümid edirəm ki, bu cür yanaşma bütün sahələrdə davamlı olacaq və heç bir qanunsuz əməl cəzasız qalmayacaq".








