Ölkəmizdə çox az adam olar ki, “Yol əhvalatı” filminə baxmasın. Film 1980-ci ildə lentə alınıb, amma oradakı replikalar bu gün də tamaşaçıların üzünü güldürür: “Qızım deyir ki, ata, bunun yarlığı əllə tikilib. Okazıvayetsa bu, heç ərəbski də deyil, nə bilim, nə zibilskidi”; “Sizdən adam olmayıb, olmayacaq da…”; “Mən onun əyri ayaqlarından raqatka düzəltməsəm, atamın oğlu deyiləm”; “Camaat şir-pələng saxlayır, adə, bu nədi”; “Səfərli, qoyun var, sərgiyə göndərirlər, qoyun da var burda qalır, yerdə”; “Görən deyir, nədir bu, keroqazdır, nədir bu” və sair.
Filmdə səslənən bu replikalar artıq zərbül-məsələ çevrilərək gündəlik həyatımızda tez-tez işlənir.
Komediya janrında çəkilmiş bu mışhur filmin quruluşçu rejissoru Teymur Bəkirzadədir. Filmdə əsas rolları Səyavuş Aslan (Qurban), Vaxtanq Pançulidze (Mustafa), Həmidə Ömərova (Zümrüd), Kamil Məhərrəmov (Paşa), Yaşar Nuri (Makintoş), Hacı İsmayılov (Mürşüd), Sofa Bəsirzadə (Sona), Ceyhun Mirzəyev (İbadulla), Eldəniz Zeynalov (şikayətçi) kimi tanınmış aktyorlar oynayırlar. Filmin bəstəkarı da məşhur şəxsdir – Polad Bülbüloğlu.
Ancaq filmin yuxarıda sitatlarını verdiyimiz mətninin ssenari müəllifini çox az adam tanıyır. Bu, yazıçı Asim Cəlilovdur
Asim Cəlilov 1936-cı il avqustun 18-də Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetində (1961) və Moskva İctimai Elmlər Akademiyasında təhsil alıb. “Molodyoj Azerbaydjana” qəzetində (1967–1972), “Azərbaycanfilm” kinostudiyasında (1979–1983), “Bakinski Raboçi” qəzetində (1991–1995) baş redaktor vəzifəsində çalışıb. Əməkdar jurnalistdir. Hazırda 90 yaşı var və hər hansı peşə fəaliyyəti ilə məşğul olmur.
Asim müəllim müğənni Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilovun babası, bir çoxları tərəfindən məşhur qənnadı şəbəkəsinin sahibi Çingiz Cəlilovun atasıdır.
Musavat.com-un əməkdaşı Anar Cəlilovla əlaqə saxlayaraq babasından, qocaman həmkarımızdan keçdiyi ömür yoluna, yaradıcılığına dair müsahibə almaq istədiyini bildirib. A.Cəlilov əməkdaşımıza deyib ki, babasının səhhəti yaxşı deyil, ağsaqqal yazıçı-jurnalist çətin yeriyir, görmə problemi var və ümumilikdə yaşıyla bağlı vəziyyəti müsahibə vermək üçün müsaid deyil.
Qeyd edək ki, “Yol əhvalatı” Asim Cəlilovun yeganə ssenari işi deyil. O, həmçinin bir neçə filmin ssenari müəllifi və redaktoru olub. Bunların arasında “Diplom işi” (1979), “Anın quruluşu” (1980), “Gözlə məni” (1980), “Avqust gələndə” (1984), “Koqalımdan xəbərlər” (1987), “Şeytan göz qabağında” (1987), “Yay gününün xəzan yarpaqları” (1987), “Yubiley (II)” (1990), “Ailə” (1998), “9 dəqiqə” (1999) filmləri də var.
Hiss olunur ki, A.Cəlilov həmişə arxa planda qalmağı xoşlayıb, ancaq jurnalistlərin də borcudur ki, zaman-zaman arxa planda qalanlara da diqqət etsinlər. Təəssüf ki, Asim müəllimin ömrünün ixtiyar çağında onunla maraqlı olacaq söhbətimiz alınmadı.
Musavat.com









