Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiqlədiyi 2026/27-ci tədris ili üçün qəbul planında kolleclərə qəbul üzrə mühüm dəyişiklik edilib. Belə ki, həm 9 illik, həm də 11 illik təhsil bazasında “Fiziki tərbiyə müəllimliyi” ixtisası üzrə plan yerləri ayrılmayıb və bu istiqamət üzrə qəbul tam dayandırılıb. Dövlət İmtahan Mərkəzi tərəfindən yayılan məlumata görə, bu ildən etibarən sözügedən ixtisas üzrə qabiliyyət imtahanları da keçirilməyəcək və müvafiq komissiyalar fəaliyyət göstərməyəcək.
Bu qərar təhsil sistemində daha geniş müzakirələrə yol açıb. Xüsusilə pedaqoji ixtisasların kolleclərdən tədricən çıxarılması fonunda belə bir sual aktuallaşır: bu proses kolleclərin bağlanacağı anlamına gəlirmi?
Təhsil eksperti Elçin Əfəndi mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:
“Pedaqoji ixtisaslardan texnologiya müəllimliyi, iqtisadiyyat müəllimliyi, xarici dillər müəllimliyi istiqamətləri, o cümlədən fiziki tərbiyə müəllimliyi də bu ildən etibarən ləğv olunub. Yalnız məktəbəqədər təhsil istiqaməti saxlanılır. Düşünürəm ki, növbəti ildə bu ixtisas da ləğv olunmalıdır, yalnız ali təhsil səviyyəsində kadr hazırlığı həyata keçirilməlidir. Ümumiyyətlə, pedaqoji yönümlü ixtisaslar üzrə kadr hazırlığı dünyanın əksər inkişaf etmiş və təhsil göstəriciləri yüksək olan ölkələrində ali təhsil istiqamətində aparılır. Yəni pedaqoji ixtisaslarda ali təhsil demək olar ki, bu günün çağırışları baxımından ən vacib şərtlərdən biridir. Qaldı ki, pedaqoji ixtisasların kolleclərdən çıxarılmasının kolleclərin bağlanmasına səbəb olub-olmayacağı məsələsinə, düşünmürəm ki, kolleclər bağlansın. Çünki kolleclərdə fərqli ixtisas istiqamətləri mövcuddur: iqtisadi, texniki, humanitar, incəsənət və digər sahələr. Həmin istiqamətlər üzrə kolleclərdə kadr hazırlığı davam etdirilir. Amma məsələ ondadır ki, kolleclərdə təhsilin nə dərəcədə effektiv olması sual doğurur. Təbii, ölkəmizdə az sayda kollec var ki, onların təhsili müəyyən mənada qənaətbəxş hesab oluna bilər. Lakin digər kolleclərin bir qismində əsasən formal şəkildə tələbə qəbulu aparılır. Tələbə 2-3 il ərzində müəyyən bilik və bacarıqlar qazansa da, bu, hər zaman yetərli olmur. Məsələn, bəzi peşə təhsili müəssisələri var ki, orada aparılan hazırlıq kolleclərdən daha üstün və daha keyfiyyətlidir. Bu baxımdan abituriyentlər ixtisas seçimi edərkən dövrün tələblərinə uyğun sahələrə üstünlük verməlidirlər. Məsələn, tibb yönümlü kolleclərdə və ya maliyyə-iqtisad kollecində təhsil ala bilər. Peşə təhsili almaq bəzən kollecdə oxumaqdan daha səmərəli olur. Düzdür, son dövrlərdə Elm və Təhsil Nazirliyi tərəfindən kolleclərdə müəyyən islahatlara başlanılıb. Lakin qarşıdakı dövrdə vahid və şəffaf müəllim işə qəbulu sistemi tətbiq olunmasa, yüksək ixtisaslı kadrlar bu sahəyə cəlb edilməsə, idarəetmə səviyyəsi gücləndirilməsə, infrastruktur yaxşılaşdırılmasa, o zaman kolleclərin bağlanması real təhlükəyə çevrilə bilər. Əksinə, əgər yaxın 2-3 il ərzində bu islahatlar həyata keçirilsə, kolleclər fəaliyyətini davam etdirə bilər”.
Ekspertə görə, elə kolleclər də var ki, onların fəaliyyətinin dayandırılması artıq günün tələbidir:
“Düşünürəm ki, həmin kolleclərin bazasında peşə təhsili müəssisələri yaradılması daha məqsədəuyğundur. Bu, xüsusilə paytaxtda fəaliyyət göstərən bəzi kolleclərə, eləcə də regionlarda tələbatı az olan ixtisaslara aiddir. Məsələn, kənd təsərrüfatının müəyyən sahələri ilə bağlı ixtisaslar üzrə kadr hazırlığı daha çox ali təhsil səviyyəsində aparılsa, daha məqsədəuyğun olar. Bu kimi ixtisasların əvəzinə ya yeni, əmək bazarına uyğun ixtisaslar yaradılmalı, ya da həmin kolleclər peşə təhsili sisteminə inteqrasiya olunmalıdır”.









