Ukrayna savaşının dayandırılması ilə bağlı sülh prosesi intensivliyini qoruyub, saxlayır. Ancaq hələlik sülh ehtimalı o qədər də inandırıcı görünmür. Ukrayna savaşı isə yekunlaşan hər mərhələdən sonra daha bir yenisinə daxil olur. Bununla da sülh cəhdlərinin fonunda savaşın davam etmə müddəti uzanır. Və bütün bunlar onu göstərir ki, Ukrayna savaşı ətrafında yaranmış qəliz situasiya bir çox kəskin ziddiyyətləri də özündə birləşdirir.
Məsələ ondadır ki, savaş poliqonunda hərbi dinamika hələ də davam etsə də, arxa planda əsas mübarizə artıq “sülh”ün kimin tərəfindən, hansı şərtlərlə və geopolitik nəticələrlə bağlanacağı üzərində gedir. Münaqişə tərəfləri və bu savaşda geopolitik maraqları olan qlobal siyasi dairələrdən verilən son açıqlamalar onu göstərir ki, “sülh prosesi” üç əsas qlobal güc mərkəzi arasında kəskin qarşıdurmalar yaradır. Yəni, Tramp administrasiyasının təmsil etdiyi ABŞ-ın müəmmalı hədəfləri, Avropa Birliyinin ifrat militarist yanaşma tərzi və Rusiyanın strateji çəkindirmə doktrinası Ukrayna savaşı ətrafında yaranmış situasiyanı daha da qəlizləşdirir.
Onu da qeyd etmək lazımdır ki, bu “ziddiyyət üçbucağı”nın tam mərkəzində isə məhz Ukraynanın gələcək taleyi dayanır. Çünki Ukrayna hazırda həm “sülh prosesi”ndə razılaşma obyekti, həm də gələcək qlobal təhlükəsizlik arxitekturasının əsas sınaq meydanı kimi görünür. Ukraynanın xarici işlər naziri Andriy Sibiqanın “Müharibəni yalnız Tramp dayandıra bilər” açıqlaması ABŞ-a yönəlik siyasi-diplomatik jestdən daha çox, yeni “sülh modeli”nə dolayısı eyham təsiri bağışlayır. Və burada əsas önəmli məqam məhz Tramp adminitrasiyasının klassik ABŞ yanaşmasından daha fərqli strategiya təklif etməsidir.
Məsələ ondadır ki, Ağ Evdən verilən açıqlamalara görə, ABŞ qoşunları Ukrayna ərazisinə yerləşdirilməyəcək, Ukraynaya yönəlik təhlükəsizlik zəmanətləri ABŞ Konqresində ratifikasiya olunacaq, atəşkəsə nəzarət mexanizmi texnologiya üzərindən qurulacaq. Və bu, faktiki olaraq, “NATO-suz, ancaq ABŞ-ın iştirakı ilə” təhlükəsizlik modeli anlamına gəlir.
Bəzi iddialara görə, Tramp administrasiyasının bu yanaşma tərzi iki əsas məqsədə xidmət edir. Birincisi, bu model ABŞ-ın Rusiya ilə birbaşa hərbi toqquşmadan kənarda qalmasına imkan yarada bilər. Digər tərəfdən isə Tramp administrasiyası Ukrayna savaşının dayandırılmasını “uğurlu müqavilə” kimi, ABŞ-da keçiriləcək növbəti prezident seçkilərində cəmiyyətə təbliğ etmək niyyəti güdür. “Sülh danışıqları”nın artıq 20 maddəlik texniki müzakirə çərçivədən çıxaraq, siyasi liderlər səviyyəsinə keçməsi də bunu təsdiqləyir. Və ona görə də, “sülh prosesi”nin taleyi indi artıq generalların deyil, məhz siyasi liderlərin iradəsindən asılıdır.
Maraqlıdır ki, Avropa Birliyi bu prosesdə “sülhdən qorxan müttəfiq” statusunda təqdim olunur. Tramp administrasiyası Avropa Birliyinin “sülh prosesi”nə əngəl törətməyə çalışdığını dəfələrlə vurğulayıb. Bu quruma üzv olan Macarıstanın xarici işlər naziri Peter Siyyartonun dedikləri isə Avropa məkanında dərinləşməkdə davam edən ziddiyyətləri açıq şəkildə ortaya çıxarır. Belə ki, macar nazir “avropalıların Ukrayna savaşını öz müharibələri hesab etdiyini” bildirib. Və onun bu iddiası qətiyyən təsadüfi deyil.
Çünki Ukrayna müharibəsi “qoca qitə” dövlətlərinə ABŞ-ın hegemonluğundan qismən də olsa, xilas olmaq imkanı açır və Rusiya ilə uzunmüddətli qarşıdurma üzərindən Avropa ölkələrinin hərbi-sənaye komplekslərinin yenidən dirçəldilməsi üçün fürsət yaradır. Məhz ona görə də Fransa Ukrayna ilə birgə döyüş dronlarının istehsalına başlayır, Avropa Birliyi əsas kreditləri hərbi sənayeyə yönəldilir, Baltikyanı və şimal ölkələri Ukrayna savaş texnologiyalarının ixrac məkanına çevrilir.
Ancaq burada paradoks ondadır ki, Avropa ölkələri sülhü dəstəklədiyini deməklə yanaşı, buna paralel olaraq, müharibəyə yönəlik strukturlaşdırma aparır. Tramp administrasiyasının nail olduğu ABŞ-Rusiya razılaşması isə Avropa dövlətlərini “sülh prosesi”ndən tamamilə kənarlaşdırmış kimi görünür. Və bu isə birmənalı şəkildə Avropa Birliyi üçün “strateji kabus” anlamı daşıyır.
Təbii ki, Kreml ABŞ və Avropa Birliyi arasındakı kəskin ziddiyyətlərdən, eləcə də, “qoca qitə”də yaşanan Rusiya xofundan faydalanmağa cəhd göstərir. Belə ki, Rusiya siyasi dairələri Avropa dövlətlərinə yönəlik dolayısı hərbi təhdidlər ilə qarşı tərəfdə hökm sürən hərbi-psixoloji gərginliyi daha da artırmağa çalışır. Hər halda, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son açıqlamaları hazırda Kremlin əsas strateji hədəfinin Ukrayna deyil, məhz Avropa dövlətləri olduğunu biruzə verir.
Halbuki, rus nazir bu hərbi təhdidləri Rusiyanın Avropaya hücum etmək istəmədiyi barədə mesajla ön plana çəkməyə çalışıb. Belə ki, o, yalnız Avropa ölkələri hərbi eskalasiyaya cəhd göstərəcəkləri təqdirdə, dağıdıcı cavab zərbəsi vurulacağını bildirib. Bu baxımdan, Sergey Lavrovun açıqlaması siyasi-diplomatik normalardan uzaqlaşaraq, strateji çəkindirmə ultimatumu təsiri bağışlayır.
Kreml bununla mesaj verir ki, əgər, ABŞ kənara çəkilərsə, Rusiya ilə birbaşa qarşıdurmanın hərbi-siyasi məsuliyyəti məhz Avropa Birliyinin üzərinə düşəcək. Ancaq bununla belə, Kreml Tramp adminitrasiyasının dəstəklədiyi “sülh planı”nı Avropa ölkələrinin uzunmüddətli militarizasiya strategiyasına alternativ variant kimi qəbul edir. Və ona görə də, Rusiya həmin “sülh planı”nın pozulmasına yönəldilmiş addımlara dərhal sərt reaksiya verəcəyini açıq şəkildə bildirir.
Bütün bunlara paralel olaraq, prezident Volodimir Zelenskinin “Ukraynada köləlik yoxdur” açıqlaması və texnoloji kadr ehtiyacını önə çəkməsi onu göstərir ki, rəsmi Kiyev artıq postmüharibə mərhələsini planlaşdırmağa başlayıb. Ukraynada prezident seçkilərinin keçirilməsi, sülh sazişinin referenduma çıxarılması və hərbi texnologiya ixracı ilə bağlı mövzuların müzakirə edilməsi rəsmi Kiyevin savaşın sona çata biləcəyinə inanmağa başlamasının əlamətləridir. Ən önəmlisi isə odur ki, Ukrayna tədricən Avropa dövlətləri üçün “hərbi-sənaye zənciri”nin bir hissəsinə çevrilə bilər. Və bu, reallaşarsa, Ukrayna sülh sazişinin imzalanmasından sonra da Qərb üçün vazkeçilməz ölkə kimi qalar, Rusiya üçün isə “strateji risk” statusunu da uzun müddət qoruyub, saxlayar.
Göründüyü kimi, Ukrayna savaşının dayandırılması üzrə “sülh masası”ndan artıq yenidən “barıt qoxusu” gəlməyə başlayıb. Tramp administrasiyası “sülh prosesi”ni sürətləndirməyə çalışır, Avropa Birliyi Ukrayna ətrafında baş verənləri nəzarətsiz buraxmaq istəmir, Rusiya “qoca qitə” ölkələrini dolayısı ilə təhdid edir. Belə anlaşılır ki, bu, klassik sülh prosesi deyil, daha çox qlobal güclərin gələcək Avropa təhlükəsizlik arxitekturasına nəzarət uğrunda apardığı mübarizənin həlledici mərhələsidir. Və bu baxımdan, Ukrayna savaşı dayansa belə, ABŞ-Avropa Birliyi-Rusiya üçbucağındakı qarşıdurma hələ yeni başlayır.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat”








