Son günlər İranla ABŞ arasında diplomatik təmasların intensivləşməsi, sərt ritorikanın nisbətən yumşalması və “müharibə qaçılmazdır” narrativinin arxa plana keçməsi müşahidə edilir. Uzun illər qarşılıqlı sanksiyalar, təhdidlər və proksi qarşıdurmalar üzərində qurulan münasibətlərin fonunda tərəflərin dialoq siqnalları verməsi region üçün ümidverici görünsə də, Yaxın Şərqdə “sakitlik” anlayışının nə qədər kövrək olduğu hamıya məlumdur. Məhz buna görə də müharibə ehtimalının azaldığına dair optimist fikirlər qədər, bu yaxınlaşmanın müvəqqəti və şərti olduğu barədə skeptik yanaşmalar da güclənir.
Azərbaycanın yaxın qonşuluğundakı İranla ABŞ arasında müharibə ehtimalının aradan qalxması və anlaşmanın əldə olunması ölkəmizə nə vəd edir? Belə bir razılaşmanın baş tutması Azərbaycanın xeyrinə, yoxsa zərərinə ola bilər?
Siyasi şərhçi Qulamhüseyn Əlibəyli Musavat.com-a bildirib ki, İranla ABŞ arasında müəyyən anlaşmanın olması bütövlükdə regionda müharibə təhlükəsinin və yaxud da İrana aviasiya zərbələri endirilməsi təhlükəsinin müəyyən müddətə aradan qalxmasına gətirib çıxaran amil olardı. Bu isə bütövlükdə regionun təhlükəsizlik mühitinə təsir edər:
“Çünki müharibə ritorikası və təhlükəsi qaldıqca bölgə gərginlikdə olur. Belə vəziyyətdə Azərbaycanın diqqəti də bir dövlət olaraq məhz qonşuluqdakı gərgin vəziyyətə yönəlir, Azərbaycan üçün müəyyən narahatlıqlar yaradır. Bu narahatlıqlar təbii ki, Azərbaycan dövlətini öz yolundan döndərməsə də, müəyyən məsələlərin bir müddət üçün təxirə düşməsinə səbəb ola bilər. Məsələn, İranla ABŞ arasında müharibə vəziyyəti Zəngəzur dəhlizinin açılmasını və digər layihələrin gerçəkləşdirilməsini ləngidə bilər. Qonşuluqda müharibənin olması bu və ya digər formada yaxınlıqda olan ölkələri də hədəfə gətirə bilər. Ona görə İranla ABŞ arasında müharibənin olmaması, anlaşmanın olması qeyd etdiyimiz və digər bir çox təhlükələri aradan qaldırar. Bütün hallarda müharibədənsə razılaşmanın olmağı daha məqsədəuyğundur”.
Ekspert hesab edir ki, müharibəsiz region Azərbaycana öz siyasətini təhlükəsizlik mühiti şəraitində davam etdirmək imkanı verir:
“Ümumi mənada götürsək, ABŞ ilə İran arasında razılaşmanın olması Azərbaycanın xeyrinədir”.








