Rusiya hələ də Güney Qafqazda öz əvvəlki dayaqlarını bərpa edəcəyinə ümidlidir. Təsadüfi deyil ki, bu ölkənin baş diplomatı Sergey Lavrov “2020-2022-ci illərdə imzalanmış üçtərəfli sənədlər Cənubi Qafqazda iqtisadi, nəqliyyat və kommunikasiya xətlərinin açılması baxımından hələ də aktualdır” deyib.
Əslində, bu, sadəcə, keçmiş razılaşmaların xatırladılması deyil, konkret siyasi mesajdır. Bu bəyanatla Moskva şübhə yox ki, regiondakı proseslərin hüquqi və siyasi əsasının hələ də Moskvanın iştirakı ilə formalaşmalı olduğunu vurğulayır. Əsas hədəflərdən biri əlbəttə ki, Zəngəzur istiqamətidir. Lavrovun açıqlaması dolayısı ilə onu göstərir ki, Rusiya Zəngəzur dəhlizinə texniki və ya sırf iqtisadi məsələ kimi yox, siyasi nəzarət aləti kimi baxır. Yəni ki, dəhliz yalnız Rusiyanın iştirakı ilə, onun müəyyən etdiyi şərtlər və təhlükəsizlik mexanizmləri daxilində açıla bilər. Baxmayaraq ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan Moskvanın "Tramp yolu"nda iştirakını absurd adlandırıb.
Bəs Rusiya TRIPP layihəsində necə iştirak edə bilər və Lavrov nəyə işarə edir?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü Aydın Hüseynov Musavat.com-a bildirib ki, Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu –TRIPP layihəsinin konkret texniki və hüquqi detalları hələ tam şəkildə sənədləşdirilməsə də, onun əsas məqsədi regionda sərhədsiz nəqliyyat və yükaşırma koridoru yaratmaqdır.
Onun fikrincə, Lavrovun açıqlamasından belə görünür ki, Rusiya TRIPP layihəsində iştirak yollarını arayır:
“Eyni zamanda, Moskva özünü Cənubi Qafqazda sülh danışıqlarının aparıcısı və vasitəçisi kimi göstərməyə çalışır. Lavrov üçtərəfli sənədlərin aktuallığını vurğulayaraq bu rolu qorumaq istəyir. Moskva hesab edir ki, Rusiya Şimal-Cənub dəhlizi kimi öz regional nəqliyyat layihələri ilə TRIPP-Zəngəzur dəhlizinin əlaqələndirilməsində rol oynaya bilər. Məsələn, Şimal-Cənub marşrutu və digər dəhlizlər vasitəsilə yükaşırmanın artırılmasında iştirak etməklə. Eyni zamanda onların zaman-zaman səsləndirdikləri bəyanatlardan bu qənaətə gəlmək mümkündür ki, Rusiya biznes və dövlət strukturları regionun logistika və tranzit layihələrinə investisiya verə bilər, bu isə layihənin icrasını daha çox məkan və təsir dairəsinə daxil edə bilər”.
Deputat hesab edir ki, Lavrovun sözügedən açıqlaması həm də Ermənistan parlamentinin spikeri Alen Simonyanın bir həftə öncə səsləndirdiyi “Rusiyanın TRIPP layihəsində iştirakı absurd olar” bəyanatına cavab sayıla bilər:
“Lavrov dolayısı ilə Ermənistanın Zəngəzur yolu ilə bağlı razılaşmaya riayət etmədiyinə işarə edib. Rusiyalı nazirin “2020–2022-ci illərdə imzalanmış sənədlərdə nəzərdə tutulmuş nəqliyyat və iqtisadi kommunikasiyaların açılması hələ də regionun stabilliyi və inkişafı üçün əsasdır” fikirləri də buna işarədir. Açıq və dolayısı ilə bildirilir ki, Rusiya bu sənədlərin “ruhuna əməl edilməsini” istəyir, çünki bu, Moskvanın regionda vasitəçilik rolunu saxlamasının vacib hissəsidir”.








