Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə səsləndirdiyi fikirlər bir daha göstərdi ki, idmanın inkişafı Azərbaycanda ardıcıl və məqsədyönlü dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Dövlət başçısı çıxışında vurğuladı ki, 2025-ci il idman sahəsi üçün əlamətdar olub və bu il idmançılarımız beynəlxalq yarışlarda rekord nəticələrə imza atıblar. İl ərzində 2000-dən çox medal, o cümlədən 600-dən artıq qızıl medalın qazanılması idmana göstərilən diqqətin və aparılan siyasətin real nəticəsidir. Medalların sayının ötən illə müqayisədə artması isə bu sahədə görülən işlərin davamlılığını və sistemli xarakter daşıdığını təsdiqləyir.
Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir və bu siyasət çərçivəsində ölkə üzrə müasir idman infrastrukturu demək olar ki, sıfırdan qurulub. Bu gün həm paytaxtda, həm də bölgələrdə idmanla məşğul olmaq üçün geniş imkanlar yaradılıb. Cari ildə Gəncə və Yevlax şəhərlərində Olimpiya İdman Komplekslərinin istifadəyə verilməsi ilə bölgələrdə bu cür komplekslərin sayı 46-ya çatdırılıb. Bu fakt bir daha göstərir ki, regionlarda yaşayan gənclərin idmana cəlb olunması dövlət üçün prioritet məsələdir.
Dövlət başçısı çıxışında sağlam gənc nəslin formalaşdırılmasının ölkənin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını xüsusi vurğuladı. Gənclərin uşaqlıqdan idmana marağının artırılması həm yüksək idman nailiyyətlərinə, həm də sağlam və fiziki cəhətdən güclü cəmiyyətin formalaşmasına zəmin yaradır. Bu istiqamətdə həyata keçirilən tədbirlər gəncləri idmanla daha fəal məşğul olmağa həvəsləndirir.
Prezident İlham Əliyev bildirdi ki, dövlət siyasətinin əsas məqsədlərindən biri gənclərin sağlam ruhda və vətənpərvərlik ruhunda tərbiyə edilməsidir. Gənclərin fiziki hazırlığı ilə mənəvi saflığı vəhdət təşkil etməli, bu amillər bir-birini tamamlamalıdır. Xalqımızın nümayiş etdirdiyi həmrəylik və vətənpərvərlik, xüsusilə son illərin hadisələri fonunda, bu siyasətin nə qədər doğru olduğunu sübut edir. İdman isə gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində mühüm rol oynayır. Son beş ildə bayrağımızın qalib ölkənin bayrağı kimi qaldırılması idmançılarımızın məsuliyyətini daha da artırır. Onlar artıq müzəffər xalqın nümayəndələri kimi yarışlara qatılır və bu amil onların çıxışlarına xüsusi ruh verir.
Bu il ölkəmizdə keçirilən əsas idman hadisələrindən biri kimi MDB ölkələrinin üçüncü Oyunlarınının yüksək səviyyədə təşkil olunması, Gəncə şəhərinin mərkəz seçilməsi, yarışların bir hissəsinin Xankəndidə keçirilməsi xüsusi əhəmiyyət daşıdı. Xarici qonaqlar ölkəmizin qonaqpərvərliyini, bölgələrimizin gözəlliyini və yaradılan şəraiti yüksək qiymətləndirdilər. İdmançılarımızın bu Oyunlarda komanda hesabında ikinci yerə layiq görülməsi də mühüm nailiyyət kimi dəyərləndirildi.
Dövlət başçısı çıxışında ölkəmizdə ilk dəfə olaraq UFC üzrə beynəlxalq turnirin keçirilməsini də xüsusi vurğuladı: “Dünyanın ən populyar idman yarışlarından birinin Bakıda təşkil olunması Azərbaycanın artan nüfuzunun və imkanlarının göstəricisidir. Turnirin dünya mediasında geniş işıqlandırılması ölkəmizin beynəlxalq arenada təqdimatına mühüm töhfə verdi.”
Prezident İlham Əliyev Formula 1 yarışlarının ölkəmizin tanıdılmasında xüsusi rol oynadığını qeyd edərək bildirdi ki, ilk Formula 1 yarışından sonra Azərbaycana gələn xarici turistlərin sayı 20 faiz artıb. Bu il keçirilən yarışa marağın böyük olması, bütün biletlərin əvvəlcədən satılması və yarışın yarım milyardlıq auditoriyaya malik olması Bakının dünya miqyasında tanınmasına xidmət edib. Şəhər yarışlarının unikallığı artıq digər ölkələrin də diqqətini cəlb edir.
Çıxışda gələcək planlardan da bəhs olunaraq bildirildi ki, ölkəmizdə yüzlərlə beynəlxalq idman yarışı keçirilib və bu ənənə davam etdiriləcək. İlk dəfə olaraq Qusarda, Şahdağ Xizək Kurortunda Xizək üzrə Dünya Kubokunun keçirilməsi Azərbaycanın qış idmanı xəritəsində də öz yerini tutduğunu göstərir. Şahdağ Turizm Xizək Mərkəzinin inkişafı bölgədə turizmin canlanmasına, minlərlə yeni iş yerinin yaradılmasına səbəb olub.
Prezident İlham Əliyev həmçinin Bakı şəhərinin “Dünyanın İdman Paytaxtı” seçilməsini tarixi hadisə kimi qiymətləndirərək bunun ölkəmizdə idmana göstərilən diqqətin beynəlxalq səviyyədə tanınmasının bariz nümunəsi olduğunu bildirdi. Dövlət başçısı vurğuladı ki, idmançıların və idman mütəxəssislərinin mükafatlandırılması artıq uzun illərdir davam edən gözəl ənənədir və Azərbaycanın idman şöhrətini ucaldan hər bir şəxs dövlət tərəfindən layiqincə qiymətləndirilməlidir.
Xannənə Həsənova
Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin
Abşeron rayonu üzrə gənclər və idman sektorunun müdiri
"DİA-AZ"









