İctimai iaşə müəssisələrində mənşəyi məlum olmayan ət məhsullarının istifadəsinə qarşı nəzarəti gücləndirilib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ictimai iaşə müəssisələrinə, o cümlədən, restoran və şadlıq saraylarının məsul şəxslərinə xəbərdarlıq edib. Qurumdan bildirilib ki, son günlər aparılan nəzarət tədbirləri zamanı bəzi ictimai iaşə müəssisələrində və şadlıq saraylarında mənşəyi məlum olmayan, eləcə də baytarlıq arayışı və ya baytarlıq şəhadətnaməsi olmayan ət məhsullarının istifadəsi faktları aşkarlanıb.
Bu səbəbdən yalnız baytarlıq nəzarəti təmin edilmiş, rəsmi qeydiyyatdan keçmiş heyvan kəsimi məntəqələrindən baytarlıq sənədləri mövcud olan ətlər istehlaka təqdim edilməlidir. Agentlik istehlakçıları heyvan mənşəli ət məhsulları alarkən və ya ictimai iaşə müəssisələrində istehlak edərkən, müvafiq baytarlıq sənədlərinin mövcudluğunu tələb etməyə çağırır.
Qeyd edilib ki, qanunvericiliyin tələblərinə əməl etməyən müəssisələr barəsində inzibati tədbirlər görüləcək. Hazırda şadlıq evləri və restoranlarda təşkil edilən mərasimlərdə təqdim edilən yeməklərlə bağlı istehlakçılar heç bir sənəd tələb etmir. Bəs. tələb etdiyi təqdirdə biznes sahibləri onu istehlakçıya təqdim edəcəkmi? Əgər bu gün “monqol əti”ni yerli qoyun əti adı altında baha qiymətə istehlakçıya təqdim edirsə, bununla bağlı həmin biznes sahiblərini cəza gözləyirmi?
Məsələ ilə bağlı “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov “Cebheinfo.az”-a bildirib ki, şadlıq evləri, restoranlar istehlakçıların hüquqlarının ən çox pozulduğu yerlərdir:
“Çünki orada bir neçə saat ərzində kütləvi insanların qidalanması baş verir və böyük qarışıqlıq müşahidə edilir. Sifarişçini mətbəxə buraxmırlar və sifarişçinin başı toya qarışır. Elə bilir ki, elə sifariş etdiyi qidaları verirlər.
Əslində isə elə deyil. Təəssüf edirəm ki, ölkədə heç bir ətin satışına qadağa yoxdur. Tələb olunur ki, yalnız onun adı bilinməlidir. Bu vəziyyətdən istifadə edən şadlıq evləri, restoranların ənənəvi olmayan heyvan ətlərinin də yedizdirilməsi istisna olunmur. Bəlkə də hamımız bu yeməklərdən qidalanmışıq”.
Ekpert bildirib ki, AQTA-nın apardığı bu iş çox zəruridir, ancaq kafi deyil:
“Ona görə kafi deyil ki, AQTA-da əməkdaşlar işdən çıxanda toylar, qonaqlıqlar başlayır. İstehlakçılar da bəzən tələb etmirlər. Üzümü istehlakçılara tutub deyirəm ki, restoranlardan yediyiniz qidaların sənədlərini tələb edin. Sizin buna hüququnuz var.
Əgər belə bir problemlə üzləşərsizsə, 1003 "Qaynar xətt"i ilə AQTA-ya məlumat verin. Qiymətə gəldikdə isə biznes qurumlarında qiymət sərbəstdir. Kim malını neçəyə istəsə sata bilər. Bu şərtlə ki, menyuda yazılmalıdır. Qiymətlə bağlı onları heç bir cəza gözləmir”.









