"Exo Moskvı"nın keçmiş baş redaktoru Aleksey Venediktov müsahibəsində bildirib ki, Ermənistan-Azərbaycan arasaındakı Qarabağ müharibəsi bitməyib, Moskva Qarabağ məsələsini bağlanmış hesab etmir, Rusiya bütün enerjisini Ukraynaya yönəltdiyinə görə, regiona müdaxilə edə bilmir və Cənubi Qafqazda ənənəvi yaxınlığı yenə ermənilərin xeyrinə dəyərləndirir.
A.Venediktovun Qarabağ müharibəsinin bitmədiyinə dair iddiasını epizodik və təsadüf hesab etmirəm, o, "mesaj ötürücüsü" kimi məşhurdur.
Bəs son 5 il ərzində baş verən hadisələrə soyuqqanlı şəkildə yanaşsaq, Azərbaycan-Ermənistan arasında müharibəni bitmiş hesab etmək olarmı? Bu suala emosional deyil, bir neçə prizmadan baxmağın tərəfdarıyam.
1. Hərbi və hüquqi baxımdan:
2020-ci il müharibəsi və 2023-cü il lokal antiterror əməliyyatı nəticəsində Azərbaycan Qarabağ üzərində hərbi-siyasi nəzarəti tam bərpa edib. Separatçı qurum ləğv olunub, separatçı qurumun "rəsmi"ləri Bakıda həbsxanadadırlar və Azərbaycanın dövlət suverenliyi tam təmin edilib. Müharibəyə qədər də beynəlxalq hüquq Azərbaycanın tərəfində idi. Müharibədən sonra da Azərbaycan hüquqa söykənərək öz atributlarını Qarabağda bərpa edib.
Bu prizmadan yanaşsaq, müharibə hərbi və hüquqi olaraq bitib.
2.Geopolitik baxımdan:
Sülh müqaviləsi hələ də imzalanmayıb, Ermənistan konstitusiyasında “Qarabağ istinad” hələ də qalır, Qərb və Rusiyanın bölgədə nüfuz savaşı davam edir. Bu və ya digər amillər hərbi müstəvidə bitən müharibənin digər müstəvilərdə də bitməsini ləngidir. Regionun lider dövləti kimi Azərbaycan üçün başlıca prioritet sülh müqaviləsinin imzalanması və prosesin tam şəkildə tamamlanmasıdır. Müharibəni ədalətli şəkildə aparmış Azərbaycanın diplomatik müstəvidə də ardıcıl və pozitiv təşəbbüslərlə çıxış etməsi bu siyasətin təzahürüdür. Lakin Ermənistanda hələ də kök salmış tarixi narrativlər və bölgənin gələcəyi ilə bağlı böyük güclərin apardığı geosiyasi mübarizə mürəkkəb dinamika formalaşdırır.
Geopolitik mübarizə davam edir.
3. İdeoloji baxımdan:
Burada milli kimlikdən, ideoloji yaddaşdan və genetik-kollektiv şüurdan söhbət gedir. Azərbaycan cəmiyyətində ideoloji mübarizə böyük ölçüdə və praktiki müstəvidə başa çatıb. Çünki dövlətin ərazi suverenliyi bərpa olunub, işğaldan azad olunan torpaqlar bərpa olunur və məcburi köçkünlərin qayıdışı prosesi sürətlə davam edir. Amma 300 ildir "erməni kimliyi" və genetik şüuru Qarabağ amili üzərində qurulub, son 30 ildə isə Ermənistan dövlətinin əsas sütunlarından biri məhz bu amil üzərində bərqərar olmuşdu. Bu ideologiya kilsə, təhsil, dövlət konspesiyaları və diaspora tərəfindən qidalanırdı. 2020 və 2023-cü il məğlubiyyətləri "tarixi fakt"ları dəyişdi, lakin ermənilərin ideoloji mətbəxləri dizayn olunmadı. Ermənistanda 3 ideoloji-siyasi xətt mövcuddur: Qərbə inteqrasiya etmək istəyənlər, hansı ki müharibənin büün müstəvilərdə bitməsinə etiraz etmirlər, hakimiyyətdə təmsil olnsalar da, zəifdirlər. Revanşist qüvvələr - diaspora, köhnə elita, klassik ordu mənsubları, "Qarabağ klanı" və milliyətçilər, nisbətən güclüdürlər, ictimai rəyi formalaşdıra bilirlər. Rusiyapərəst dairələr, hansı ki bir çox hallarda revanşist qüvvəllərlə eyni paraleldə çıxış edirlər. Daxildə zəifdirlər, əsas dəstəyi Rusiyadan umurlar.
Ermənistan hələ də köhnə ideoloji müharibənin içindədir. Özünə yeni və sağlam ideologiya axtarmalıdır.
Ümumi olaraq, belə bir nəticəyə gəlmək olar ki, indiyə qədər sülh müqaviləsi imzalanmasa da, Azərbaycan-Ermənistan müharibəsi hərbi-hüquqi müstəvidə bitib, geopolitik mübarizə davam edir, ideoloji müharibə (daha çox qisasçılıq, tarixi düşmənçilik) isə yalnız Ermənistanda yaşayır. "İdeoloji müharibənin yalnız Ermənistanda yaşaması" məsələsi yanlış anlaşılmamalıdır. Çünki Ermənistanın törətdiyi cinayətləri Azərbaycan da unutmayıb, unutmayacaq və müharibə ilə də ədaləti bərpa edib.
Bütün bu amillərlə yanaşı məni narahat edən əsas məsələ arxayınlıq və qələbə eyforiyasının hələ də davam etməsidir. Tarixi təcrübə göstərir ki, məğlub olmuş ölkələr əhəmiyyətli inkişaf mərhələlərindən keçir. Ermənistanda süni intellekt infrastrukturunun qurulması və inkişafı gələcəkdə regionda hansı yeni reallıqların formalaşacağı barədə suallar doğurur. Eyni zamanda, Azərbaycanda bəzi sahələrdə davam edən səmərəsiz idarəçilik və böhran hökm sürür. Yalnız güclü ordu və böyük iqtisadi potensial uzunmüddətli xilskar rolunu oynaya bilməz. Nə qədər ki, gec deyil, ölkənin daxilindəki proseslər xarici siyasətindəki qədər uğurlu, dinamik və şəffaf olmalıdır.
Müəllif: Samir Feyruzov - "DİA-AZ"








