"AĞ Partiya olaraq illər öncə təklif edirdik ki, Azərbaycanda Kommunist Partiyasının, ümumən kommunizm və sovet ideologiyalarının təbliğatı qanunvericiliklə qadağan edilsin".
Bu sözləri "Sherg.az"a açıqlamasında AĞ Partiyasının sədri Tural Abbaslı deyib.
Partiya rəhbəri vurğulayıb ki, Almaniyada faşizm ideologiyası qanunla qadağan edilib:
"Almaniyada faşizmi təbliğ edənlər dərhal cinayət məsuliyyətinə cəlb olunur. Azərbaycanda da kommunizmi, SSRİ-ni təbliğ edənlərə məsuliyyət daşımalıdır. Kommunizmin, onların siyasi baxışlarının, sovet atributlarının qadağan edilməsinə dair ayrıca qanun olmalıdır. Lenin və Stalinin fotolarının, büstlərinin istifadəsinə də imkan verilməməlidir. Bunlara dair konkret qanun yoxdur. Görünür, saxlanılan şəxslərlə bağlı konkretlər səbəblər var. İnanmıram ki, sadəcə bayraq qaldırdıqlarına görə, həbs ediliblər. Yəqin ki, əməllərində Cinayət Məcəlləsinin hansısa bəndlərini pozan nüanslar olub. İstintaq da məhz həmin maddələrə əsasən aparılacaq".
T.Abbaslı əlavə edib ki, Azərbaycan çox qəliz regionda yerləşir:
"Şimalda və cənubda iddialı qonşularımız var. ABŞ və Avropanın da Cənubi Qafqazda maraqları var. Bütün güc mərkəzləri Azərbaycanda öz təsir mexanizmlərini yaratmaq niyyətindədir. Müəyyən mənada təsir mexanizmlərinə sahib olanlar isə onu daha da gücləndirmək istəyirlər. Biz də hüquqi müstəvidə bununla mübarizə aparırıq və aparmalıyıq. Öz milli-mənəvi dəyərlərimizi, dövlətçiliyimizi, müstəqilliyimizi, milli tariximizi qorumalıyıq. Azərbaycan SSR-nin bayrağını qaldırmaq 70 il ərzində ölkəmizdə tərədilmiş cinayətlər, repressiyalara, kütləvi qətliamlara, sürgünlərə bəraət qazandırmaqdır. Təbii ki, bu, yolverilməzdir. Ona görə dövlətimizin ideoloji zəmində də iş aparmasını, müəyyən tədbirlər görməsini zəruri sayıram. Cəmiyyətimiz ideoloji baxımdan hazırlıqsız olduğuna görə kənar zərərli ideyalar ictimaiyyətə asanlıqla ayaq açır. Təkcə kommunizm bəlası deyil, dünyada bir çox siyasi axınlar var ki, bizim dövlətçiliyimizə, gələcəyimizə ciddi təhlükədir".









