ABŞ-nin Cənubi Qafqaz siyasətində Azərbaycanın mövqeyi son dövrlər daha da güclənib. Vaşinqtonun Bakıya yönəlik artan diqqəti haqqında Atlantik Konsul Beyin Mərkəzinin Avrasiya Şöbəsinin baş direktoru Con E. Herbst də bildirib ki, “Azərbaycan ABŞ Prezidentinin diqqətindədir və bu sizin üçün yaxşı olduğu kimi, bizim üçün də yaxşıdır".
Herbst-in sözlərinə görə, ABŞ-nin Zəngəzur dəhlizinə nəzarəti regionda çətinlikləri aradan qaldıra və sülhə ciddi töhfə verə bilər. Bu dəhliz Orta Dəhlizin bir hissəsi kimi Azərbaycan, Ermənistan, Türkiyə və Mərkəzi Asiya üçün yeni ticarət və investisiya imkanları yaradır. Proses ABŞ-nin yeni siyasi nizamda Azərbaycanla əməkdaşlığı strateji səviyyəyə yüksəltdiyini göstərir.
Politoloq Məhəmməd Əsədullazadə Sherg.az-a açıqlamasında ABŞ-nin Cənubi Qafqaz siyasətinə prioritet yanaşdığını və bu müstəvidə Azərbaycana da xüsusi önəm verdiyini vurğulayıb:
"Azərbaycan Prezidenti ilə ABŞ Prezidenti arasında da şəxsi münasibətlər yüksək səviyyədədir. Bu şəxsi münasibətlər, iki dövlət arasında münasibətlərdə dinamikaya gətirib çıxarıb. Hazırda ABŞ Zəngəzur dəhlizini icarəyə götürür, Azərbaycanla Ermənistan arasında sülh prosesinə tövhə edir. Azərbaycan üzərindən Cənubi Mərkəzi Asiya ölkələri ilə də eməkdaşlıq formatı yaradılır. Göründüyü kimi ABŞ-nin Azərbaycana böyük diqqət var. ABŞ yeni siyasi nizamda Azərbaycanla münasibətləri artıq strateji xətt kimi qəbul edir. Bu müstəvidə Azərbaycana siyasi, iqtisadi, təhlükəsizlik müstəvisində dəstək verəcək. 907-ci düzəlişin ləğvi də həll oluna bilər".
Politoloq ABŞ-nin strateji siyasətində bundan sonra Azərbaycanın daha önəmli olacağını söyləyib:
"Donald Tramp elə bir siyasət həyata keçirir ki, növbəti dəfə digər ABŞ administrasiyası formalaşsa, onlar Azərbaycanla əməkdaşlığı davam etdirməli olacaqlar. Çünki ABŞ-nin xarici milli təhlükəsizlik siyasətində Cənubi Qafqazın əsas aparıcı ölkəsi olan Azərbaycan mühüm rol oynayır. Bu müstəvidə Bakı Vaşinqtonla korfinasiyalı çalışır".








