Hal-hazırda paytaxtda söküntü işlərinə rəhbərlik edən Bakı İcra Hakimiyyətinin Təftiş və Nəzarət şöbəsinin müdiri Zülfəli İsmayılov özünün özbaşınalıqları ilə ölkə gündəmini intensiv olaraq məşğul etməkdədir. Gah, onun yediyi milyonlar müzakirəyə çıxarılır, gah Zülfəli müəllimin şəriklərinin kimliyi ictimailəşir... gah da özü ortaya çıxaraq tərbiyəsini də nümayiş etdirir:
"DİA-AZ" bildirir ki, bu dəfə isə Zülfəli müəllim xalq yaradıcılığının hədəfi olub. Evləri özbaşına olaraq sökülən sakinlər bu məmuru aşağıdakı kimi görür və belə ŞƏRH EDİR:
"Bu, Zülfəlidir. O, “Köhnə Bakı” ilə haqq-hesab çəkənlərin ən fəal nümayəndəsidir.
Onun adı öncə Qış Parkının, sonra isə Mərkəzi Parkın salınması üçün aparılan söküntü işlərindən məlumdur. Tarixi məhəllələrdən sakinlərin köçürülməsi, evlərin uçurulması onun rəhbərliyi ilə icra olunur.
Lazım gəlsə, söküntüyə etiraz edən vətəndaşa hücum da çəkir, onu təhqir də edir. Qorxusu yoxdur, çünki tapşırıq belədir, o da əminliklə sökməyə davam edir..."