Keçən həftə ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu tərəfindən keçirilən növbəti beynəlxalq iclasda iştirak etdim.
Sessiyalar çərçivəsində çıxış edərək, müasir rəqəmsal çağırışlar fonunda insan hüquqlarının, media azadlığının və rəqəmsal dayanıqlığın qorunmasının əhəmiyyəti barədə fikirlərimi bölüşdüm, Azərbaycanın mövqeyini və milli maraqlarını beynəlxalq auditoriyanın diqqətinə çatdırdım.
Çıxışım zamanı kameranın məni göstərməməsi ilkin mərhələdə texniki səbəblərlə izah olundu. Təşkilati heyət məsələ ilə bağlı üzrxahlığını ifadə edərək hadisənin araşdırılacağını bildirmişdi.
Dünən təqdim olunan rəsmi məlumatda isə qeyd edildi ki, yaranmış vəziyyət sırf texniki nasazlıqdan deyil, kənar müdaxilə nəticəsində meydana gəlib.
Bildirildi ki, zalda iştirak edən bəzi azərbaycanlı müxalif və mühacir media təmsilçiləri çıxışım zamanı eyni vaxtda mikrofonları aktivləşdirərək yayım sisteminin işinə məqsədli şəkildə mane olmağa çalışıblar.
Qeyd etmək istərdim ki, həmin şəxslər tədbirdə iştirak edən digər Azərbaycan nümayəndəsinin, Azərbaycan Medianın İnkişafı Agentliyinin nümayəndəsinin çıxışı zamanı da zaldan müdaxilə və təxribat xarakterli davranışlar nümayiş etdirmişdilər.
Lakin bütün bu cəhdlərə baxmayaraq, nümayəndə heyətimiz bütün sessiyalar boyunca Azərbaycanın prinsipial mövqeyini, milli maraqlarını və beynəlxalq hüquqa əsaslanan yanaşmalarını ardıcıl, təmkinli və qətiyyətli şəkildə müdafiə etdik.
Müəllif: Yeganə Hacıyeva - "DİA-AZ"









