Xəbər verdiyimiz kimi, Avropa Şurasının İşgəncələr Əleyhinə Komitəsi (CPT) iki illik fasilədən sonra Azərbaycana buraxılıb.
Gununsesi.info-nun Avropa Şurasından əldə etdiyi məlumata görə, səfərin əsas məqsədi hüquq-mühafizə orqanlarının nəzarətində olan şəxslərin saxlanma şəraiti və rəftarını, habelə həbsxana müəssisələrində saxlanılan şəxslərin durumunu yoxlamaq olub.
Səfər zamanı Komitə üzvləri bir sıra istintaq təcridxanaları, polis idarələrinin müvəqqəti saxlama yerlərinə baş çəkib.
Nümayəndə heyəti psixiatriya müəssisələrində saxlanılan şəxslərə göstərilən rəftar, şərait və hüquqi təminatları da araşdırıb.
Onu da vurğulayaq ki, Azərbaycanın AŞ PA-dakı deputat qrupununun mandatının təsdiqlənməməsinin bir səbəbi də bu idi.
Siyasi fəalların və jurnalistlərin hüquqlarının müdafiəçisi kimi tanınan vəkil Elçin Sadıqov Gununsesi.info-ya açıqlamasında hökumətin AŞ rəsmilərini Azərbaycana buraxmasını təqdirəlayiq addım kimi qiymətləndirib: “Azərbaycan Avropa Şurasının üzvüdür. Ölkə Avropa Şurasının bütün missiyalarını dəvət etməlidir. Bu, öhdəlikdir. İki ildir ki, buna əməl olunmurdu. Sevindirici haldır ki, nəhayət, hökumət fikrini dəyişdi. İnanıram ki, bu proses davamlı olacaq. İstər polisin müvəqqəti saxlama məntəqələrində, istərsə də Penitensiar Xidmətin istintaq təcrdixanaları və cəzaçəkmə müəsssisələrində problemlər var və bunu araşdırıb hökumət qarşısında qaldırmaq vacib idi”.
Elçin Sadıqovun sözlərinə görə, Azərbaycan hökuməti qarşıdakı dönəm ərzində siyasi məhbuslarla bağlı da addım atarsa, ölkəmizin AŞ PA-ya qayıtması mümkündür: “Bilirsiniz ki, yanvar ayında üzv ölkələrin deputat qrupunun mandatının növbəti bir il üçün təsdiqlənməsinə dair səsvermə olacaq. Əgər hökumət yanvara kimi siyasi məhbuslardan heç olmasa 15-20 nəfəri azad edərsə, Azərbaycanın deputat qrupunun mandatı da təsdiqlənəcək”.