“Müasir dünyanın siyasi səhnəsində artıq ayrı-ayrı dövlətlər deyil, müəyyən bir tarixi, etnik, dini və mədəni yaxınlığı olan dövlətlər birliyi də fəaliyyət göstərir. Məsələn, Ərəb Dövlətləri Birliyi, Avropa Birliyi, Afrika Birliyi, Cənubi Amerika Birliyi və s. Türk dövlətləri olmayanda, türk xalqlarının belə bir birliyi mövcud deyildi. Artıq dünyada BMT üzvü olan xeyli tük dövləti var. Və zərurət ondan irəli gəldi ki, başqa etnik qrupların yaratdığı birliklər kimi, tarix, coğrafiya və mədəniyyət, eləcə də dini baxımdan həddən artıq yaxınlıq təşkil edən dövlətlər də birləşib birlik yaratsınlar. Digər birliklərlə müqayisədə Türk Dövlətləri Təşkilatı gec yaransa da, sürətlə irəliləyir”.
Bu fikirləri “Reytinq” qəzetinə açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Qəbələdə keçirilən Türk Dövlətlər Təşkilatının (TDT) Zirvə görüşündən danışarkən deyib.
S. Cəlaloğlunun qənaətincə, Ərəb Birliyi TDT-dən çox əvvəl yaransa da, dünya siyasətində ciddi rol oynamır.
Onun sözlərinə görə, Ərəb Birliyindən fərqli olaraq Avropa Birliyi kifayət qədər irəli gedib və bu, Avropada siyasi mədəniyyətin, iqtisadi imkanların geniş olması ilə bağlıdır.
S. Cəlaloğlu ümid edir ki, Türk Dövlətləri Təşkilatı inkişaf edərək Türk Dövlətləri Birliyinə çevriləcək və bu coğrafiyada siyasi, iqtisadi, hərbi sferada önə çıxacaq. “Avropa Birliyi modelinə uyğun bir model tətbiq olunmalı və Türk dövlətlərinin inkişafı, burada yaşayan əhalinin mədəni, siyasi, iqtisadi və sosial səviyyəsinin yüksəldilməsi üçün qərarlar qəbul edilməlidir. Fikrimcə, TDT-nın çox böyük potensialı var. Həm təbii sərvətlər, həm geopolitika, həm də bu dövlətlərin tarixi zənginlikləri baxımından nəhəng potensial mövcuddur. IX və X əsrdə dünyada ad çıxaran nəhəng alimləri, salınan ən gözəl şəhərləri, qurduqları ən nəhəng imperiyalar kimi, türk dövlətləri yeni dünya nizamında da söz hüququna sahib ola, dövlətləri olmayan digər türk toplumlarının hüquqlarının müdafiəsində rol oynaya bilərlər”,-Cəlaloğlu qeyd edib.
ADP sədri əlavə edib ki, buna böyük ümidləri var:
“İndi dünyada çoxlu digər məsələlər və problemlər də meydana gəlib. TDT təzə fəaliyyətə başlamasına baxmayaraq, olduqca cazibədar görünür. Bir çox ölkələr bunun işində iştirak etmək istəyirlər. Məsələn, Pakistan, Əfqanıstan. Hətta Rusiya da TDT-də təmsil olunmaq istəyinə dair fikir ifadə edib. Mənin fikrimcə, burada türk xalqlarının dostu olan başqa dövlətlər də təmsil oluna bilərlər. Ən vacibi, TDT dövləti olmayan digər türk toplumların hansısa formada bu təşkilatın fəaliyyətində iştirakını təmin etməlidir. Ümumilikdə TDT dünya türklərinin yeganə güc mərkəzi olmalıdır. Bunun üçün aparılan siyasəti müdafiə etmək lazımdır”.
S. Cəlaloğlu sonda qeyd edib ki, TDT-nın Zirvə görüşünün Azərbaycanda keçirilməsi böyük əhəmiyyət daşıyır. Çünki Azərbaycan türk dövlətlərinin bir araya gəlməsində, onlar arasında əlaqələrin inkişafında xüsusi rola malikdir.