Dələduzluqda ittiham olunan 66 yaşlı qadın həbs edilib.
“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Nərimanov rayon sakini Ləman Məmmədovaya (adlar şərtidir) hökm oxunub.
O, iş yoldaşı Asim Quliyevə Nərimanov ərazisindəki binalardan birində mənzil satacağını bildirərək ondan 66 100 manat alıb. Ləman pulun böyük hissəsini işlədikləri institutda, qalan məbləği isə yaşadığı evdə alıb.
Lakin bir müddət sonra Ləmanın həmin binada evinin olmadığı müəyyənləşib. Bundan sonra A.Quliyev polisə şikayət edib. Barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə iş açılan qadın həbs olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 2 oktyabr tarixli hökmü ilə ona 5 il həbs cəzası verilib. Həmçinin mülki cavabdeh kimi 36 100 manat maddi, 3000 manat mənəvi zərərin də ondan tutulması qeyd edilib.
Qeyd edək ki, L.Məmmədova Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərİnşaatlahiyə” İnstitutunda mühəndis vəzifəsində işləyib.