Gəncə Apellyasiya Məhkəməsində qəsdən adam öldürmədə təqsirləndirilən Yaqub Həsənovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilib, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin apellyasiya şikayəti qismən təmin olunub, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Yaqub Həsənovun Cinayət Məcəlləsinin (CM) 120.2.4-cü maddəsindən CM-in 120.1-ci maddəsinə tövsif edilib və o, 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Zərərçəkmiş şəxsin hüquqi varisinin mülki iddiası 22 000 manat maddi ziyan tələbi hissəsində qismən, 4 986.71 manat məbləğində təmin edilərək təqsirləndirilən şəxsdən alınaraq ona ödənilsin.
Qeyd: 2024-cü il yanvarın 25-də saat 22 radələrində Gəncə şəhər sakini, 1986-cı il təvəllüdlü Vasif Həsənovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 1996-cı il təvəllüdlü Yaqub Həsənovun Gəncə şəhəri ərazisində aralarında yaranmış mübahisə zamanı Vasif Həsənova kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Yaqub Həsənov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
Məlumata görə, Vasif Həsənov Gəncədə kirayəyə xeyir-şər çadırı verməklə məşğul olub. Yaqub Həsənovun kirayə avadanlıqla bağlı mərhuma 230 manat məbləğində borcu yaranıb. Borcdan 200 manat ödənilsə də, 30 manat qalıb. Mübahisənin tərəflər arasında məhz bu səbəbdən düşdüyü və Vasif Həsənovun kəsici alətlə qətlə yetirildiyi iddia edilir.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü o, 17 il müddətə azadlıqdan məhrum edilmişdi.