Şirvan Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən İsmayıl İsmayılovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Pərviz Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü cəza hissəsində dəyişdirilib. Onun 6 il müddətə azadlıqdan məhrumetmə cəzasının müddəti azaldılaraq 5 il həddində müəyyən olunub.
İttiham aktına görə, İsmayıl İsmayılov hüquq-mühafizə orqanlarından birinin Maliyyə Xidmət rəisi vəzifəsində xidmət edən zərərçəkmiş S.M.in (adı, soyadı şərtidir) barəsində rüsvayedici və nüfuzdan salan məlumatları yayacağı ilə hədələyərək, ondan pul tələb edib.
Belə ki, o, 2024-cü ilin mart ayının əvvəllərində zərərçəkmiş şəxsin yarıçılpaq formada olan fotoşəkillərini yayacağını, habelə işlədiyi yerdə guya dövlət vəsaitlərini mənimsəməsi barədə yalan məlumatları müxtəlif dövlət orqanlarına göndərməklə onu işdən çıxartdıracağını bildirərək, bu yolla S.S.-dən Biləsuvar rayonu ərazisində 10 000 manat məbləğində pul tələb edib.
Təqsirləndirilən şəxs bu yolla zərərçəkmişin ümumilikdə 3 000 manat məbləğində vəsaitini ələ keçirib.
Bu əməliyyatdan dərhal sonra Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində təqsirləndirilən şəxs Biləsuvar şəhəri, H.Əliyev prospektində yerləşən “Bazar Store” marketinin yaxınlığında saxlanılıb, üzərində aparılan şəxsi axtarış zamanı hədə-qorxu yolu ilə əldə etdiyi pullar aşkar edilərək götürülüb.