Azərbaycanın Ermənistanla klassik anlayışlı sülh müqaviləsi mümkün deyil. Səbəblərinin də görünən - publik səsləndirilən və açıq səsləndirilməyən, strateji hədəflər tərəfi var. Bu gün görünən tərəf, Ermənistanın Konstitusiyasında Azərbaycana, o cümlədən digər qonşulara qarşı ərazi iddialarını əks etdirən müddəaların çıxarılmasıdır.
Görünməyən tərəf isə sovet dövründə Azərbaycanın razılığı olmadan Ermənistana qanunsuz verilən (Zəngəzur, Göyçə, Dərələyəz və sair) torpaqlarının taleyidir, hansı ki, Azərbaycan Ermənistanla klassik sülh müqaviləsi ilə Ermənistanın əsasız əldə etdiyi həmin Azərbaycan torpaqları üzərinə legitimlik vermək niyyətində deyil.
Bu barədə Sherg.az-a danışan siyasi şərhçi Vüqar Dadaşov bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyan da "real Ermənistan" deyəndə məhz bunu, yəni sovet İttifaqı dağılandan sonra müstəqilliyi ilə qanunsuz mənimsədiyi həmin torpaqları nəzərdə tutur:
“Elə Ermənistanın da Sovet İttifaqı dağılandan sonra özünü sovet Ermənistanının varisi elan etməsinin səbəbi budur. Azərbaycan isə özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edib. Yəni Azərbaycan sovet dövründə qonşularına verilən həmin torpaqların da varisidir. Azərbaycanın Ermənistanla klassik sülh müqaviləsini mümkünsüz edən məhz bu fərq və ziddiyətdir. İranı da Zəngəzur dəhlizindən qorxudan bu fakt, yəni Azərbaycanın mümkün strateji hədəfləridir. Yayımlanan, Ermənistan və Azərbaycan arasında Vaşinqtonda paraflanmış 17 maddədən ibarət sülh sazişinin mətni Azərbaycanın strateji hədəflərini dəstəkləyir, milli maraqlarını əks etdirir. Klassik anlamda ənənəvi sülh sazişində əsasən müharibənin bitməsi, dövlətlərin ərazi sahəsi, dövlət sərhədlərinin konkret təsviri (koordinatlar), müharibə zərərinin (kontribusiya) ödənilməsi qeyd edilir. Ancaq Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişinin mətnindən göründüyü kimi, bu sənəddə yuxarıda qeyd etdiklərimlə yanaşı sərhədlərin delimitasiya, demarkasiyası yoxdur və ayrıca sazişlə müəyyən ediləcəyi göstərilir. Beynəlxalq hüquq baxımından, iki dövlət arasında paraflanmış sülh sazişinin kriteriyaları, əslində, çərçivə sülh sazişi anlayışına uyğun gəlir.Təkcə sülh sazişinin mətninin razılaşdırılması və paraflanması nəinki Azərbaycanın möhtəşəm hərbi qələbəsinin siyasi fiksasiyasıdır, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi strategiyası dövlətçilik və milli maraqlarımızın, strateji hədəflərinin gələcək təminatı üçün imkanları genişləndirən siyasi - ideoloji təməlidir. Bəli, məhz liderlər xalqların gələcək taleyini müəyyən edir. Bütövləşmək, böyümək artıq Azərbaycanın taleyidir”.