“Son bir neçə gündə Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçəcək hissəsinin ABŞ-nin nəzarətinə veriləcəyi ilə bağlı iddialar yayılır. Lakin bunlar rəsmi məlumatlar olmadığı üçün doğruluğu şübhəlidir”.
Bu sözləri siyasi şərhçi Ülviyyə Zülfiqar “Cebheinfo.az”-a açıqlamasında deyib.
O bildirib ki, hansı iddianın irəli sürülməsi deyil, rəsmi addımlar önəmlidir:
“Bu iddialar sadəcə Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən hissəsi ilə bağlıdır, Azərbaycana aidiyyəti yoxdur. Azərbaycan Prezidenti İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda bildirdiyi kimi, ölkəmizdə ikinci və üçüncü qüvvələrin olmasına ehtiyac yoxdur. Bu, mümkün də deyil. Ancaq dəhlizin Ermənistan tərəfindən keçən hissəsi isə təhlükəlidir. Çünki keçmişdə belə azərbaycanlılar oradan istifadə edərkən ermənilər qatarlara daş atırdılar. Yenə də bu və başqa təhlükələrin olma ehtimalı var”.
Ekspert Ermənistanın Zəngəzur dəhlizinin öz ərazisindən keçəcək hissəsinin ABŞ-nin nəzarətinə veriləcəyi ehtimalı barədə isə bunları deyib:
“Əslində, Ermənistanın suveren ərazisində hansı addımı atacağı öz işidir. Zəngəzur dəhlizinin müvafiq hissəsinə kimin nəzarəti edəcəyi ilə bağlı qərarı rəsmi İrəvan özü verəcək. Bu, onların yurisdiksiyasında olan məsələdir.
Ancaq bu məsələ ilə bağlı iddialar hansısa siyasi maraqlara hesablanmış ola bilər. Çünki Zəngəzur dəhlizinə nəzarətin ABŞ-yə veriləcəyi rəsmi məlumat deyil”.
Həmsöhbətimiz qeyd edib ki, Zəngəzur dəhlizinin açılması Ermənistanın özünə də böyük töhfə verəcək:
“Bu bir reallıqdır ki, Zəngəzur dəhlizinin açılması Ermənistanın blokadadan çıxaracaq. Həmçinin, bu dəhliz adıçəkilən ölkənin regional layihələrə qoşulmasına və öz inkişafına töhfə verəcək. Ona görə də rəsmi İrəvan bir an əvvəl Azərbaycanın tələbləri ilə razılaşmalı və Zəngəzur dəhlizini açmalıdır”.
Ülviyyə Zülfiqar onu da əlavə edib ki, bir çox gücün marağı Ermənistanda toqquşur:
“Ermənistan bir çox maraqları öz ərazisinə yığan dövlətdir. Əlbəttə ki, belə olan halda bir neçə qütbün marağı toqquşacaq. Onların bir yerdə mövcudluğu qütblərin toqquşmasına gətirib çıxaracaq.
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin daxili siyasətini xarici qüvvələrdən təmizləmək istədiyini iddia edir. Ancaq bunu vaxt qazanmaq üçün və ya həqiqətən dediyini zaman göstərəcək”.