Milli Məclisin deputatlarının əməkhaqlarından Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) üzvlük haqqı tutulması, lakin deputatların çox nadir hallarda AHİK-in göndərişlərindən faydalana bildikləri məsələsi gündəmə gətirilib.
Pravda.az bununla bağlı parlamentin deputatları arasında sorğu keçirib.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib ki, o da AHİK-yə üzvlük haqqı ödəyir:
“Maaşımızın 2%-i tutulur, İttifaqa verilir. İstirahət hüququndan mütəmadi istifadə edirik. Əsasən, ailəlikcə yerli sanatoriyalarda dincəlməyə üstünlük veririk. Açığı, bu prosesdən razıyıq və hər hansı bir problem yaşamırıq”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov da AHİK-ya üzvdür:
“Hər ay əmək haqqımın 2%-ni AHİK-yə üzvlük haqqı kimi verirəm. İstirahət haqqımdan arada bir istifadə etmişəm. Bu il isə yollayış üçün AHİK-ya müraciət etməmişəm. Gələn il də imkanım olsa, müraciət etməyi düşünürəm”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, bütün dövlət qurumlarında çalışanlar AHİK-ya üzvlük haqqı ödəyirlər:
“Həmkarlar ittifaqı olan iş yerlərində əmək haqqından konkret faizlər AHİK-nın büdcəsinə köçürülür. Uzun müddətdir, Milli Məclisdən öncəki iş yerlərimdə də AHİK-ya ödəniş etmişəm, bu ödənişlər yenə də davam edir. Sözün doğrusu, indiyə qədər AHİK-nın fəaliyyətindən istifadə etməmişəm. Bu il ilk dəfə göndərişlə bağlı elektron müraciət etdim. AHİK-nın xidmətindən istifadə etmək qərarına gəldim. Nəzərə alsaq ki, proses də şəffaflaşıb, elektronlaşıb, bu baxımdan müraciət etmişəm. Müraciətimə elektron cavab verildi, dəstək olundu”.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə isə orta məktəbi bitirəndən AHİK-nin üzvü olduğunu deyib:
“İttifaqın Nizamnaməsinə uyğun olaraq, neçə faiz nəzərdə tutulursa, o qədər üzvlük haqqı verirəm. İndiyə qədər AHİK-nin imkanlarından az istifadə etmişəm. Bununla belə bu təşkilatın güclü, imkanlı olmasını istəyirəm. Bundan sonra da AHİK-ya müntəzəm üzvlük haqqını verəcəyəm. Eyni zamanda fəaliyyətində nə köməklik lazımdırsa, göstərəcəyəm. İstirahətə gəldikdə isə, heç yerə getmirəm, Bakıdayam. Gündəlik deputat fəaliyyətimi yenə davam etdirirəm. Hər gün seçildiyim Mingəçevir şəhərindən seçicilər bu və ya digər məsələlərlə bağlı müraciət edirlər. Həmin məsələlərin həllinə kömək etməyə, məsləhət verməyə çalışıram. Mətbuatla da sıx işləyirəm. Harasa getmək fikrim yoxdur”.
Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Müşfiq Cəfərov da deputat əməkhaqqından 2%-ni AHİK-ya ödəyir:
“İstirahət haqqımdan da istifadə edirəm”.