Rusiya Qara dənizin şimal hissəsinə tam nəzarət etməklə geosiyasi mövqeyini gücləndirmək niyyətindədir. Lakin bu plan yalnız Ukrayna münaqişəsi ilə məhdudlaşmır, regionun digər güclü aktorları – Qərb ölkələri və xüsusilə Türkiyənin maraqları ilə toqquşur.
Rəsmi Ankaranın Rusiyanın Ukraynanın cənub bölgələrini tam şəkildə işğal etməsinə, Qara dəniz sahillərində üstünlük qazanmasına qarşı çıxacağı ehtimal edilir. Bu isə Kremlin istənilən genişmiqyaslı hərbi addımı üçün əlavə risklər yaradır.
Rusiya Qara dənizdə tam nəzarət əldə etməyə çalışarsa, Türkiyənin bu ssenaridə oynaya biləcəyi rol və mümkün cavab tədbirləri nələr ola bilər?
Globalinfo.az-a danışan politoloq Elşad Həsənov deyib ki, Ukrayna müharibəsi Rusiyanın Qara dənizdə mövqeyini itirməsinə səbəb olub:
“Moskva Qara dənizdəki strateji üstünlüyünü tədricən itirməyə başlayıb. Hazırda bu müharibəni davam etdirməklə itirdiyi nüfuzunu bərpa etməyə çalışır. Qara dənizdə mövqeyini gücləndirərək, Ukraynanın digər ərazilərinə də genişmiqyaslı hücumlar etmək niyyətindədir. Bu isə Ankara və Qərbin ciddi narahatlığına səbəb olacaq. Çünki Qara dənizdə hegemon güc olan Türkiyə, özünə qarşı Rusiyanın həmin ərazidə mövqeyini möhkəmlətməsinə heç vaxt imkan verməyəcək. Hətta bu şəraitdə iki ölkə arasında hərbi toqquşmanın baş verməsi qaçınılmaz ola bilər”.
Politoloq bildirib ki, Kremlin Türkiyə kimi güclü bir NATO ölkəsi ilə açıq müharibəyə girmək arzusu yoxdur:
“Bu baxımdan, Rusiya daha çox Çinin proksi qüvvəsinə çevrilib. Pekin də Moskvanı Ukraynadakı müharibəni davam etdirməyə həvəsləndirir. Onların məqsədi ABŞ-ın diqqətini Çindən yayındırmaqdır. Amerikalı konqresmenlər də bu məsələni açıq şəkildə bəyan edirlər.
Rəsmi Vaşinqtonun əsas hədəfi Pekini zəiflətməkdir və bu amil müharibənin gedişatına ciddi təsir göstərir. Ukrayna müharibəsi yalnız regionda deyil, həm də qlobal güc mübarizəsində strateji bir vasitəyə çevrilib”.