Məhkəmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 7 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının həbsdə olan sabiq sədri Oruc Məmmədovla bağlı qərar verib.
Bakı Apellyasiya Məhkəməsi Oruc Məmmədovun hazırda saxlandığı cəzaçəkmə müəssisəsindən köçürülməsi ilə bağlı birinci instansiya məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətini təmin edib. Onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi ilə bağlı qərar verilib.
Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 7 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının sədri vəzifəsində işləmiş Məmmədov Oruc Nüsrət oğlunun qanunsuz əməlləri ilə əlaqədar vətəndaşın müraciəti əsasında həyata keçirilmiş təxirəsaslınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Aparılmış istintaq-əməliyyat tədbirləri ilə Məmmədov Oruc Nüsrət oğlunun əlillik əlamətləri olan xəstəyə əlillik dərəcəsinin müəyyən edilməsi üçün zəruri olan tibbi müayinə aktının tərtib olunaraq müvafiq elektron sistemə göndərilməsi müqabilində vətəndaşdan Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsində baş mütəxəssis vəzifəsində işləyən Cabbarova Münəvvər Cəlil qızı vasitəsilə 7 oktyabr 2020-ci il tarixdə sözügedən Komissiyanın fəaliyyət göstərdiyi inzibati binadakı xidməti otağında 2 min manat, 9 dekabr 2020-ci il tarixdə isə şəxsən qeyd olunan inzibati binanın yaxınlığında 500 manat məbləğdə pul vəsaitini rüşvət qismində almasına və digər qanunsuz hərəkətlərinə əsaslı şübhələr yaranıb.
Oruc Məmmədova Cinayət Məcəlləsinin 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) və 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)) maddələri ilə ittiham elan edilib.
Sumqayıt Ağır Cinayətlər Məhkməsinin hökmü ilə Oruc Məmmədova 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası, onunla birgə ittiham olunan fondun Abşeron rayon şöbəsində baş mütəxxəsis işləmiş Münəvvər Cabbarovaya isə şərti cəza təyin edilib.
APA