ABŞ Prezidenti Donald Tramp ölkəsinin UNESCO-dan çıxmaq qərarını açıqlayıb. Bu, Vaşinqtonun təşkilatdan ilk ayrılması deyil. ABŞ 1984-cü ildə Ronald Reyqan dövründə də təşkilatdan çıxmış, 2003-cü ildə qayıtmışdı.
Hətta Trampın ilk prezidentliyi dövründə, 2018-ci ildə ABŞ bir daha təşkilatdan ayrıldı və yalnız 2023-cü ildə geri döndü. Maraqlıdır ki, Tramp daha öncə də BMT və NATO-dan çıxmaq ideyalarını gündəmə gətirmişdi. Bu kimi addımlar ABŞ-ın qlobal rolu və beynəlxalq əməkdaşlığa yanaşması ilə bağlı ciddi suallar doğurur.
Ağ Ev rəhbərinin UNESCO qərarının səbəbi nədir? Tramp beynəlxalq təşkilatlarla əməkdaşlıqdan niyə çəkinir?
Globalinfo.az-a danışan siyasi şərhçi Elvin Baxşalızadə deyib ki, Donald Tramp radikal sayıla biləcək qərarlar verməyə davam edir:
“Tramp fəaliyyətə başladığı gündən etibarən, ümumilikdə ABŞ-ın xaricə istiqamətlənən siyasi xəttinin əksinə olaraq daxilə qapanmağa və iqtisadi gündəmlə məşğul olmağa üstünlük verir. Bir çox beynəlxalq təşkilatlarda üzv kimi təmsil olunmağı isə sadəcə israfçılıq hesab edir.
Bu baxımdan, UNESCO-dan çıxmaq qərarı da sürpriz olmadı. Hətta ara-sıra ABŞ-ın NATO, BMT kimi ciddi siyasi və hərbi əhəmiyyətə malik təşkilatlardan çıxacağı barədə mətbuatda müəyyən məlumatlar paylaşılır. Fikrimcə, bu kimi addımlar Vaşinqtonun bir qlobal güc olaraq nüfuzuna ciddi zərbə vurur. Çin və Rusiya kimi geopolitik güc mərkəzlərinə isə xeyli manevr imkanı yaradır”.
Ekspert əlavə edib ki, Tramp və komandası qeyd olunan məqamları bilsələr də, ciddi narahatlıq keçirmirlər:
“Çünki komandanın əsas hədəfi ABŞ iqtisadiyyatını gücləndirmək və Çinlə iqtisadi-texnoloji rəqabətdə ciddi üstünlük əldə etməkdir. Bu baxımdan, hazırkı administrasiyanın fəaliyyəti uğurlu sayılır. ABŞ-ın əsas iqtisadi göstəriciləri son dövrlərdə müsbət dinamika nümayiş etdirir. Texnoloji kontekstdə isə Çinlə rəqabət daha da kəskinləşir. Rəqabətin artması Ağ Ev rəhbərinin bu məsələyə diqqətini artırmasına səbəb olur.
ABŞ prezidentinin gözündə beynəlxalq təşkilatlar sanki oyundankənar vəziyyətə düşüb. Bu gedişat həm Vaşinqton, həm də bütün dünya üçün yeni geopolitik situasiya yaradır və mövcud güc balansını təhdid edir”.