Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İntiqam Nəbizadənin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ona şərti cəza verilib və o, dərhal məhkəmə zalından həbsdən azad olunub.
İttihama görə, İntiqam Nəbizadə özünü zərərçəkmiş Yusif Dadaşzadəyə (adı, soyadı şərtidir) özünün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində çalışan yüksək vəzifəli şəxslərlə əlaqələrinin olması barədə yalan məlumat verərək inandırıb. O, zərərçəkmişə guya əlaqələrindən istifadə edib avtomobillər üçün gözəl görünüşlü, qoşa seriya və nömrəli dövlət qeydiyyat nişanlarını alaraq nisbətən baha qiymətə satışını həyata keçirib əldə edilmiş gəliri öz aralarında böləcəklərinə dair yalan vəd verib. Beləliklə İntiqam Yusifi aldadaraq ondan 2021-ci ildə ümumilikdə 86 600 manat pul vəsaitini və 20 000 manat dəyərində dövlət qeydiyyat nişanını dələduzluq yolu ilə ələ keçirib.