Ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib. İki qonşu ölkənin xalqlarına sülh və firavanlıq arzulayıb.
Nikol Paşinyanın Azərbaycan xalqını ilk dəfə təbrik etməsi diqqət çəkib. Eləcə də bu təbrikin nə qədər səmimi olması insanları təəccübləndirib. Yəni Paşinyanın bu təbriki həqiqətən, sülhməramlı jestdir, yoxsa növbəti erməni hiyləgarlığı? sualını doğurur.
Paşinyan özünü "sülh göyərçini" kimi göstərməyə çalışır.
Modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın son bəyanatları həm daxili, həm də xarici siyasət üçün nəzərdə tutulmuş addımlardır:
"Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik etmək, sülhün bərqərar edilməsi üçün mesajlar vermək seçkiöncəsi manevrdir. Eyni zamanda həm havadar, həm də müsəlman dövlətləri üçün bir mesajdır. O, yaxşı başa düşür ki, sülhə nail olmaq üçün Azərbaycanla münasibətləri ən yüksək formada qurmaq lazımdır. Çünki 44 günlük müharibədən sonra da, Azərbaycan öz suverenliyini bərpa etdi,dinc quruculuq işləri ilə məşğuldur. Müvafiq proqramlara uyğun olaraq Azərbaycan Qarabağda infrastrukturu yenidən qurur və bərpa edir. Yəni bu, Ermənistan tərəfindən birmənalı şəkildə ciddi qəbul edilir. Paşinyan həm də beynəlxalq ictimaiyyət üçün özünü "sülh göyərçini" kimi göstərməyə, Qərb dövlətlərinin dəstəyini almağa çalışır. Yəni Paşinyan dini və etnik münasibətlərindən asılı olmayaraq, hamı ilə münasibətləri yaxşılaşdırmaq istəyirəm jesti göstərir. Yumşalma cəhdi müxtəlif beynəlxalq platformalarda sülhü bərqərar edən dövlət kimi göstərilməyə nail olmaqdır. Daxili siyasətdə də problemlər çoxdur. Artıq 2026-cı ilin iyun ayının 7-ə seçkilər elan olunub. Daxildə impiçment və kilsəni yenidən ayağa qaldırmaq məsələləri gündəmdədir. Paşinyan öz mövqeyini qorumaq üçün bu addımları atır və başqa siyasətçilərdən fərqli olaraq özünə alternativ görmür".
Paşinyanın səmimi olub-olmadığını zaman göstərəcək.
Komitə sədri vurğulayıb ki, əsas məsələ Paşinyanın səmimi olub-olması ilə bağlıdır:
"Azərbaycan bu məsələlərin hamısını diqqətlə təhlil edir və reallığın nədən ibarət olduğunu dərk edir. Sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiyaların açılması kimi məsələlər bu gün gündəmdədir. Əgər Paşinyan bu sülhün bərqərar olmasına çalışırsa, konstitusiyanın dəyişdirilməsi, eyni zamanda ATƏT-in Minsk qrupunun ləğv edilməsi və digər konkret addımlar atmalıdır. Bu, o vaxt bizi qane edə bilər və onun mövqeyinin nə qədər səmimi olduğunu aydın görə bilərik. Əsas məram, məqsəd onun bu addımlarının nə qədər səmimi olmasından asılıdır. Gələcək göstərəcək ki, bunun əsas məqsəd və məramı nədən ibarətdir".
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə isə bildirib ki, Paşinyanın bu hərəkəti sadəcə olaraq görüntü xarakteri daşıyır:
"Paşinyanın bu addımları dünya birliyinə Azərbaycanla xoş münasibətlər yaratmaq istədiyi haqda təəssürat yaratmaq istəyidir. Ancaq mehriban qonşuluq münasibətləri o vaxt olur ki, qonşu dövlətə qarşı konstitusiyada ərazi iddiaları olmur. O zaman mehriban qonşuluq münasibətləri olur ki, qonşu ölkənin əraziləri vaxtaşırı atəşə tutulmur. Eyni zamanda ATƏT-in Minsk qrupunun ləğv edilməsi ilə bağlı Azərbaycanla bir yerdə regional-beynəlxalq təşkilata müraciət olunmalıdır. Bunların heç biri müşahidə edilmir. Bu baxımda hələ xoş görünəcək addımın atılması qonşu dövlətlə xoş münasibətlər demək deyil".
A.Mirzəzadə qeyd edib ki, Ermənistan konstitusiyasını dəyişdiridikdən və ərazilərimizi atəşə tutmaqdan əl çəkdikdən sonra mehriban qonşuluq və xoş münasibətlərdən danışmaq olar:
"Ermənistanın müxalifət dairələrini başa düşmək olar, amma vaxtaşırı Ermənistan rəsmilərinin anti-Azərbaycan bəyanatları yolverilməzdir. Bu baxımdan həm Azərbaycan, həm də real düşünən, hər şeyə obyektiv yanaşan beynəlxalq dairələr hər bir sözə, hərəkətə real qiymət verməyi bacarırlar".