Zəngəzur dəhlizinin açılmasına problem yaradan İran, Hindistan, Ermənistan deyil. Burada əsas problemi yaradan Rusiyadır. Çünki Moskvanın əsas hədəfi ondan ibarətdir ki, Zəngəzur dəhlizi vasitəsi ilə Şərq-Qərb dəhlizinə nəzarət eləsin, həm də Cənub dəhlizi açılacaqsa, İranla birgə həmin marşurutda hegemonluğu öz əlində saxlasın.
Bu sözləri Teleqraf-a açıqlamasında Zəngəzur dəhliz ətrafında yaranan geopolitik vəziyyəti şərh edən ReAl Partiyasının sədri Natiq Cəfərli deyib.
O hesab edir ki, Zəngəzur dəhlizi gec-tez açılacaq və bunun başqa variantı yoxdur: “Ermənistan qanunvericiliyinə, iqtisadi-siyasi vəziyyətinə görə Rusiyadan asılıdır. İrəvan nə qədər qərbyönümlü siyasət yürütdüyünü bəyan etsə də, reallıq belədir. Qanunvericiliyə görə, Ermənistanın dəmir yolları birbaşa Rusiyanın nəzarətindədir. Əgər Ermənistandan keçən dəmir yolları açılacaqsa, Rusiya bunu əlində və nəzarətində saxlamağa çalışacaq”.
Partiya sədri Rusiyanın məhz Hindistan və İran vasitəsilə də prosesə təsir göstərdiyinə diqqət çəkib: “Ermənistan coğrafi dalanda yerləşir və çıxış imkanları məhduddur. Türkiyə ilə sərhəd açılsa, Ermənistan bundan faydalana bilər. Gürcüstandan da Ermənistanın sərbəst hərəkəti mümkün deyil. Burada da Azərbaycan və Türkiyənin hegemonluğu var. Əslində Ermənistan Gürcüstandan çıxış əldə etsə belə, yenə də gəlib Türkiyəyə çıxacaq. Ona görə də İrəvan üçün başqa variant yoxdur. Bu baxımdan da Zəngəzur dəhlizinin açılması labüddür. Ermənistan Rusiya ilə hansısa formada anlaşa biləcəksə, dəhliz açılacaq”.
Natiq Cəfərli, həmçinin, Zəngəzur dəhlizinin Azərbaycan və Türkiyə üçün əhəmiyyətinə toxunub: “Söhbət təkcə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa əlaqədən getmir. Türkiyə üçün Zəngəzur dəhlizi Orta Asiyaya qısa yoldur. Türk Dövlətləri Təşkilatının (TDT) gücləndiyini nəzərə alsaq Zəngəzur dəhlizinin əhəmiyyəti önəmli görünür. Rusiya, İran, Ermənistan və Hindistan isə bu dəhliz türk dövlətlərinə xeyir gətirəcək deyə, hansısa formada ona müqavimət göstərməyə çalışırlar”.