Politoloq Zərdüşt Əlizadənin "Yeni Sabah"a müsahibəsi:
- Nikol Paşinyandan sonra Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da təsdiqləyib ki, artıq sülh sazişinin konkret vaxtının dəqiqləşdirilməsi ilə bağlı rəsmi bakı ilə diplomatik kanallarla müzakirələr gedir. Sizcə, yaxın aylarda sülh sazişinin imzalanmasını görə biləcəyikmi?
- Yay ərzində qarşılıqlı razılaşma ola bilər. Amma mən bilən müqavilənin imzalanması payızda baş verəcək. Çünki Azərbaycan sülh müqaviləsinin imzalanmasını şərtləndirir. Bunların ən vacibi Minsk qrupunun ləğv edilməsi barədə ATƏT-ə birgə müraciətdir. Azərbaycan və Ermənistanın xarici işlər nazirləri birgə ATƏT-ə müraciət etməsi ən tezi avqust-sentyabrda ola bilər. Çünki oktyabr-noyabr aylarında ATƏT-in xarici işlər nazirlərinin görüşü gözlənilir. Bu məsələni həmin vaxta qədər gündəliyə salmalıdırlar ki, birgə müraciətə baxılsın. Bu addım atılarsa, sülh müqaviləsinin imzalanması ehtimalı güclənə bilər.
- Sülh sazişi ilə bağlı Azərbaycanın Ermənistana qarşı konkret tələbləri var. Məsələn, referendumla konstitiusiyanın dəyişdirilməsi və Minsk qrupunun buraxılması kimi. Bəs bu tələblərin yaxın perspektivdə reallaşması mümkündürmü?
- Konstitusiyası ilə bağlı bir tələb, fikrimcə, bu o qədər də əhəmiyyətli bir məsələ deyil. Bu, Paşinyan hakimiyyəti üçün ağır tələbdir. Çünki "Vətəndaş müqaviləsi" partiyasının ümumi reytinqi çox aşağı düşüb. Ermənistan konstitusiyanın dəyişdirilməsi öhdəliyi ilə bağlı hansısa sənəd imzalayarsa, Azərbaycan sülh müqaviləsinin imzalanmasına gedə bilər. Amma məncə, artıq oyuna Türkiyəni qoşmaq lazımdır. Şərait yaradılmalıdır ki, Türkiyə də Ermənistanla əlaqələrini bərpa eləsin. Bu halda hər iki dövlətin Ermənistan daxilində nüfuzu artmağa başlayacaq və belə hal Paşinyana 2026-cı il seçkilərində uğurlu çıxış etmək imkanı verəcək.
- Qriqoryan Azərbaycan və Ermənistanın sərhəd delimitasiyasının 2-ci mərhələsinin şimal istiqmətində, konkret 3 ölkənin sərhədinin kəsişməsindən bir qədər aşağıda başlayacığını açıqladı. Hazırda cəmi 12.7 kilometr sərhəd zonası delimitasiya edilib. Müharibənin bitməsindən 5 il keçdiyini nəzərə alsaq, Ermənistanla ümumən 1007 kilometrlik sərhəd zolağının delimitasiyası üçün təxminən neçə il gözləmək lazımıdr?
- Rusiya iya ilə sərhədimiz delimitasiya olunub. Gürcüstanla isə sərhədin 70 faizi. Bu göstərir ki, delimitasiyanın baş tutması, yaxud tutmaması dövlətlər arasındakı münasibətlərə elə də güclü təsir etmir. Əgər münasibətlər xoşdursa, əlaqələr delimitasiya olmadan da davam edə bilər. Təbii ki, Ermənistanla münasibətlərin tənzimlənməsində delimitasiya məsələsinin də əhəmiyyəti var. Amma əsas məsələ ümumi mənzərədir. Sülh müqaviləsi imzalanarsa, delimitasiyanın o qədər də əhəmiyyəti yoxdur.