
Kəlbəcər rayonunun Zar kəndində 547 fərdi yaşayış evi, sosial obyektlər, mühəhdis kommunikasiyaları, yol-küçə şəbəkəsinin tikintisi və abadlıq işləri həyata keçiriləcək.
Qaynarinfo xəbər verir ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu bununla bağlı elan etdiyi tenderə yekun vurub.
Tenderin qalibi "Amazone" şirkəti seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 120 628 652,59 manatdır.
Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırma zamanı məlum olub ki, "Amazone" şirkəti yalnız Məcburi Köçkünləri Sosial İnkişaf Fondunun keçirdiyi tenderlərin qalibi seçilib.
Bəs, Fondun iri məbləğli tenderlərinin qalibni seçilən bu şirkət kinindir?
Dövlət Vergi Xidmətinin reyestr məlumatlarından aydın olur ki, "Amazone" şirkəti 4 oktyabr 2012-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 manatdır. Şirkətin qanuni təmsilçisi Şükürov Əbülfət Tapdıq oğludur. 2017-ci ilədək şirkətin qanuni təmsilçisi Məmmədov Anar İlyaz oğlu olub. Anar Məmmədov Milli Məclisin VI və VII çağırış deputatıdır.
Mediada yer alan bəzi iddialara görə, "Amazone" şirkətinin təsisçisi də Anar Məmmədovdur. Bu iddianın deputat tərəfindən təkzib edilməsi faktına rast gəlinmir.