
“Gələcək seçkilərdə qələbəmizə Robert Köçəryan və Serj Sərkisyan (Ermənistanın ikinci və üçüncü prezidentləri – red.), eləcə də Artur Vanetsyan (Ermənistanın keçmiş Milli Təhlükəsizlik Xidməti rəhbəri – red.) və bu kimi digər şəxslər yardım edəcəklər”.
Musavat.com xəbər verir ki, bu fikirləri yerli jurnalistlərlə söhbətində Ermənistan parlamentinin spikeri Alen Simonyan səsləndirib.
Onun sözlərinə görə, sadalanan şəxslər efirə çıxan kimi hökumətin reytinqi yüksələcək. Simonyan əlavə edib ki, əgər bu siyahıya Vazgen Manukyan (keçmiş baş nazir – red.) və arxiyepiskop Baqrat Qalstanyan da qoşulsa, reytinq daha 5 faiz artacaq.
“Əgər onlar hamısı birgə nəsə etməyə başlasalar, bizim evdən çıxmağımıza belə ehtiyac qalmaz”, - deyə Alen Simonyan ironik şəkildə deyib.
Əmin olduğunu bildirib ki, hakim “Vətəndaş sazişi” partiyası xalqla təmasda olaraq 50%+1 səs toplayacaq, təkbaşına iqtidar quracaq və islahatlara davam edəcək. O, həmçinin koalisiya yaradılmayacağına əminliyini ifadə edib.