
Xatırlayırsınızsa, 2012-ci ildə qəzetimizdə Şamaxı şəhəri, T.Zahidov küçəsi 21 nömrəli evdə yaşayan Mahmudova Göyçək Qədir qızı və onun anası Nazənin Heydərovanın Mahmudov Anar İkram oğlundan, həmçinin onun nümayəndəsi Məmmədova Elmira Durasan qızının əməllərindən şikayəti dərc olunmuşdu. Daimi oxucularımız məsələdən agah olduğu üçün əlavə məlumat vermək istəmirik. Dünən yenidən redaksiyamıza şikayət ərizəsi ilə müraciət edən Göyçək Mahmudova keçmiş həyat yoldaşı tərəfindən təzyiqlərə məruz qaldığını və iki qız övladının ona qaytarılmadığını bildirdi.
В«İdarənin rəhbər heyəti və adi işçiləri məni təhqir edirВ»
Şikayətçinin sözlərinə görə, keçmiş əri Anar Mahmudov və uşaqların nənəsi Zərifə Mahmudova çirkin niyyətlərini həyata keçirmək üçün onun iki qızını- 13 sentyabr 2003-cü il təvəllüdlü Mahmudova Selcan və 30 yanvar 2006-cı il təvəllüdlü Mahmudova Ayseli Şamaxı rayonunun 2 və 5 saylı orta məktəbindən oğurlayaraq məlum olmayan istiqamətə aparıb: В«Keçmiş həyat yoldaşımdan ayrılmağıma səbəb onun mənə yalan yerə iftira atması olub. Guya ki, mən başqası ilə ona xəyanət etmişəm. Amma məni tanıyanlar hamısı bilir ki, namuslu qadınam. Qaynanam və baldızım ailəmizi dağıtmaq üçün Anarın başını doldururdular. Bəxt-taleh elə gətirdi ki, biz ayrıldıq. Uşaqlarımın mənə verilməsi üçün Şamaxı Rayon Məhkəməsinin qətnaməsi olsa da, Anar ona qarşı çıxır. Şamaxı Polis İdarəsində Anar Mahmudov və iki qızımın axtarıb tapılması üçün 22 avqust 2013 və 7 fevral 2014-cü il tarixdə qərar verilib. Lakin bu günə qədər Şamaxı Polis İdarəsi qızlarımın tapılması istiqamətində heç bir iş görmür. Uşaqlarım dərsdən, sağlam həyat tərzindən məhrum olunub. Onlara fiziki və psixoloji təzyiq göstərilir ki, bu da sağlamlıqlarına mənfi təsir edir. Bu barədə Daxili İşlər Nazirliyinə, Şamaxı Rayon Polis İdarəsinə, Şamaxı Prokurorluğuna və 22 avqust 2013-cü il tarixdən indiyə qədər nazirliyin В«102В» xidmətinə 1002 dəfə müraciət etsəm də, nəticəsi yoxdur. Şamaxı Polis İdarəsinin rəsmiləri bildirir ki, Anar Mahmudov və iki qızım yoxa çıxıb, onları tapa bilmirik. Elşən Eyvazova müraciət edirəm, amma o məni qəbul etmək istəmir. Qəbul edəndə isə döyərək otağından qovur. İdarənin rəhbər heyəti və adi işçiləri məni təhqir edir. Şikayət ərizəmə və məhkəmə qərarının icrasına baxılması, qanunvericiliyin tələblərinə uyğun tədbirləri görülməsi üçün Şamaxı Polis İdarəsinin əməkdaşı Elşən Eyvazov heç bir tədbir görmürВ».
Şamaxı Məhkəməsinin hakimi Təranə Hüseynova Anar Məmmədovun qarşısında hansı şərti qoyub?
Şikayətçi daha sonra qeyd edir ki, onun kimsəyizliyindən, savadsızlığımdan, 2-ci qrup əlil olmağından istifadə edilərək heç bir hüquqi yardım göstərilmir: В«Şamaxı Məhkəməsinin və icra şöbəsinin qərarına əhəmiyyət verilmir. 2013-cü ilin avqust ayından mən tək qadın xeylağının başına olmazın oyunlar gətirilir. Polis İdarəsi ilə yaşadığım Xınıslı kəndinin yollarında qalmışam. Şikayətimə baxan yoxdur. Şikayət edəndə isə aidiyyəti qurumlar heç kimdən qorxmadıqlarını deyirlər. Şamaxı Polis İdarəsinin əməkdaşları bildirir ki, Anarı və iki qızı istəsək iki dəqiqəyə tapıb icra şöbəsinə təhvil verərik. Mənə deyirlər ki, imkan ver axtarışda olan adamlarla alverimizi edək, 5-10 manatımızı qazanaq. Deyirlər, get hara istəyirsən şikayət elə. Bu ilin mart ayının 4-də Elşən Eyvazov mənə zəng edərək bildirdi ki, Anar Mahmudovu tapmışıq prokurorluq ona 15 sutka cəza verərək uşaqların yerini deməsə, cinayət işi açacağıq. Zəngə inana bilmədim və idarəyə yollandım. Anarı orda görəndən sonra polisin dediyinə inandım. Amma uşaqlar yox idi. Mənim yanımda rayonun prokuroru və icra şöbəsinin rəisi, o cümlədən məhkəmənin hakimi Təranə Hüseynova Anara həbs cəzası verilməsi üçün danışıqlar aparırdı. Lakin hakim buna razılıq vermirdi. Prokurorluq və polis işçiləri hakimə bildirdilər ki, ədliyyə naziri Fikrət Məmmədov Şamaxıda vətəndaşlarla görüşəcək. Buna görə də Anar mütləq həbs edilməlidir. Məhkəmə zalına gətirilən keçmiş həyat yoldaşıma hakim Təranə Hüseynova dedi ki, 3, yaxud 5 gün ərzində uşaqların yerini desən, sənə cinayət işi açmayacam. Əgər deməsən, 15 gündən sonra cinayət işi qaldıracamВ».
Nazir Fikrət Məmmədovun gəlişinə görə qurulmuş plan
Göyçək Məmmədovanın sözlərinə əsasən, bu ilin mart ayının 5-də ədliyyə naziri Fikrət Məmmədov Şamaxıda vətəndaşları qəbul edib. Və o da nazirin qəbuluna düşməyi bacarıb: В«Qəbul zamanı nazirin diqqətinə çatdırdım ki, uşaqlarım fevralın 5-dən dərsə buraxılmır, harda olduqları da məlum deyil. Bu günə qədər deyirdilər ki, uşaqlar atasının yanındadır. İndi Anar tutulubsa, qızlarımı gizlətməyə kim davam edir? Anara kim havadarlıq edir? Nazirdən uşaqlarımın tapılıb mənə verilməsini xahiş etdim. O isə problemin tezliklə həll ediləcəyinə söz verdi. Martın 6-da saat 12 radələrində həbsdə olduğu deyilən Anarı əmisi oğlu Əmrahın maşınında gördüm. Gözlərimə inanmadım. Axı 15 sutka həbs cəzası alan şəxs necə azadlıqda gəzə bilər? Adı həbsdə gedən şəxs Şamaxı küçələrində sərbəst şəkildə dolaşırdı. Bir şeyi anladım ki, onun həbsi nazirin Şamaxıya gəlişinə görə qurulmuş tamaşa idi. Mən ağır xəstəyəm. Uşaqlarımı niyə mənə vermirlər? 2007-ci ildə ankoloji xəstəlik adı altında süd vəzinin birini kəsib götürdülər. Əməliyyatdan sonra Anar В«artıq sən mənə lazım deyilsənВ» dedi. Anası ilə plan quraraq mənə şər-böhtan atdı. 2011-ci ilin 6 yanvar tarixində məni vəhşicəsinə döyüb evdən qovdu. O həmin ilin fevralın 14-də boşanma və uşaqların onun tərbiyəsində saxlanması tələbi ilə Şamaxı Məhkəməsinə müraciət etdi. Məhkəmə zalında ondan boşanmaq istəmədiyimi bildirdim. Uşaqları və alimenti tələb etdiyimə görə, Anarla anası məni əxlaqsızlıqda ittiham etdilər. Bütün bu haqsızlıqlara sinə gərərək onların söylədiklərinin yalan olduğunu sübut etdim. Mənim mobil nömrəmə bir dəfə zəng gəlmişdi, kim idisə səhv düşmüşdü. Anar həmin nömrənin sahibi ilə əlaqə saxlayıb onu öyrətmişdi ki, guya bizim aramızda hansısa münasibətlərin olduğunu desin. Lakin həmin şəxs buna etiraz edərək keçmiş ərimin barəsində polisə şikayət etmişdiВ».
5 saylı məktəbin Vəsilə adlı müəllimi Zərifə Mahmudova ilə əlbir olaraq hansı işlərə imza atıb?
В«Mən uşaqlarımı tələb edirəmВ», deyən Göyçək xanım başqa heç nə istəmədiyini vurğuladı: В«5 saylı məktəbə gedirəm ki, görüm qızım hardadır. Məktəbin direktoru və qızımın sinif rəhbəri mənə cavab vermir. Hər gün uşağıma qaib düşür. Sinif rəhbərindən soruşdum ki, bəs bunun axırı necə olacaq. Qayıtdı ki, nənəsi deyib uşaq xəstədir həkimdən arayış gətirəcək. Axtarışda olan uşağa hansı həkim arayış verə bilər? Bir gün də məktəbə gedəndə orda keçmiş qayınanam Zərifə Mahmudova ilə qarşılaşdım. Ondan uşağın yerini soruşanda əl atıb üz-gözümü cırdı. Bu haqda Şamaxı Polis İdarəsinə məlumat verdim. Qızımın sinif rəhbəri Vəsilə xanım isə üzümə durdu ki, guya mən Zərifənin üstünə hücum çəkmişəm. Zərifə Mahmudova gedib yalandan ekspert rəyi alıb ki, guya mən ona xəsarət yetirmişəm. Halbuki, döyülən mən olmuşam. Onlar mənim geri çəkilmədiyimi görüb belə yollara əl atmaqla məni susdurmağa çalışırlar. İstəyirlər ki, bezib uşaqlarımı onlardan istəməyim. Sinif rəhbəri 5 saylı məktəbin direktorunun həyat yoldaşıdır. Bu insanlar mənə qarşı birləşib haqqımı tapdalayıblar. Anarın belə arxayın olmasının səbəbi Rusiyada yaşayan əmisi oğlu ilə bağlıdır. Onun əmisi oğlu Taleh Mahmudov Rusiyanın Krasnoyarsk vilayətinin diaspor təşkilatının sədridir. Buna görə də heç kim onun haqqında tədbir görə bilmir. Polis İdarəsinə gedirəm orda deyirlər ki, biz Anarı aliment vermədiyinə görə tapıb 15 sutka cəza vermişik. Axı uşaqlar məndə deyilsə, aliment məsələsi necə ortaya atıla bilər? Polis məhkəmə icra şöbəsinin Anarın axtarışa verilməsi ilə bağlı onlara kağız göndərilmədiyini deyir. Çıxılmaz vəziyyətdə qalmışam. Neçə ildir uşaqlarımın üzünü görə bilmirəm. Anar bir dəfə qayıtdı ki, uşaqlar Bakıdakı məktəblərdən birində oxuyur. Təhsil Nazirliyi bu məsələyə diqqət ayırmalıdır. Polis tərəfindən axtarışda olan qızlarımı hansı direktor məktəbə qəbul edib? Bakıda yüzlərlə məktəb var. Mən düşüb onları bir-bir axtarmalıyam? Polis İdarəsində deyirlər ki, icra şöbəsi bizə sənəd göndərməyib. Halbuki, 2013-cü ilin avqust ayında Anar Mahmudovun və qızlarımın tapılıb gətirilməsi üçün idarəyə icra şöbəsinin qərarı göndərilib. Üç ildən çoxdur uşaqlarımdan ayrı düşmüşəm. Mən bir anayam. Övlad həsrəti ilə yaşaya bilmirəm. Uşaqları öyrədiblər ki, sizin ananız tərbiyəsizdir. Bu yolla övladlırımı məndən soyutmağa çalışırlarВ».
Gözü yaşlı qadının ümidi prezidentədir
Üzləşdiyi özbaşınalıqlara tab gətirmək gücündə olmadığını bildirən şikayətçi В«Gündəlik BakıВ» qəzeti vasitəsilə ölkə rəhbərliyinə və aidiyyəti instansiyalara müraciət edərək kömək istədi: В«Hara müraciət edirəmsə, şikayətimə baxan olmur. Qızlarımdan ayrı qala bilmərəm. Həyatda tək ümidim iki azyaşlı övladımın sağlam, şərəfli, ləyaqətli və millətə xeyir verən vətəndaş kimi yetişdirməkdir. Sizin vasitənizlə cənab prezidentdən, daxili işlər naziri Ramil Usubovdan, ədliyyə naziri Fikrət Məmmədovdan, baş prokuror Zakir Qaralovdan, Şamaxı Polis Şöbəsinin rəisi Şahmar Paşayevdən xahiş edirəm ki, iki qızımın mənə qaytarılması üçün yardım əllərini uzatsınlar. Bu işdə məni süründürməçiliyə məruz qoyan məsul şəxslər də layiq olduqları cəzaları almalıdır. Ölkəmizin hüquq-mühafizə orqanlarına və qanunlara inanıram. Ümid edirəm ki, dövlətin müvafiq strukturları neçə ildir gözü yaşlı qalan ananın səsinə səs verib onun uşaqlarını özünə qaytaracaq. Şikayətimi dinləyib qəzetdə dərc etdiyiniz üçün sizə minnətdaramВ».
Yazıda adı hallanan bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq. \\ "Gündəlik Bakı" \\








